Sümüklərinizi əridən
Sümüklərinizi əridən

Qidalanma və Pəhriz Mütəxəssisi Mehlika Öktem deyir ki, sümüklər bədəninizin əsasını təşkil edir, onlar sizin hərəkətliliyinizi təmin edir, bədəninizin mineral ehtiyatlarını tənzimləyir və sümük iliyi vasitəsilə qan hüceyrələrini istehsal edir. Sağlam sümüklər həyatımız boyu bizi güclü və aktiv saxlayır. Ancaq sümük sağlamlığı zamanla dəyişə bilər və yaşlandıqca sümük sıxlığını qorumaq daha da vacib olur.

E-saglam.az xəbər verir ki, osteoporoz sümüklərin zəiflədiyi və kövrəkləşdiyi bir xəstəlikdir. Hər üç qadından biri və əlli yaşdan yuxarı hər beş kişidən biri osteoporoz səbəbiylə sınıq riski altındadır.

Osteoporoz riskini artıran bir çox amil, o cümlədən genetika, yaş, hormonal dəyişikliklər və həyat tərzi faktorları var.

Xüsusilə qidalanma vərdişləri sümük sağlamlığına böyük təsir göstərir. Bəzi qidalar sümük sağlamlığına mənfi təsir göstərərək osteoporoza səbəb ola bilər.

Sümüklərinizi əridə və osteoporoza səbəb ola biləcək 5 qidadan uzaq durmalısınız:

1. Duz

Araşdırmalara görə, həddindən artıq duz istehlak edən fərdlərdə sümük qırılma ehtimalı 4 dəfə yüksəkdir. Həddindən artıq duz istehlakı orqanizmdə kalsium itkisini artırır. Yüksək natrium qəbulu sidiklə kalsium ifrazını artıraraq sümük sıxlığını azalda bilər.

Bu, sümüklərin zəifləməsinə səbəb olur və osteoporoz riskini artırır. Duz azaltmaq üçün sumaq kimi alternativ ədviyyatlardan istifadə edə və turş dad üçün limonu sıxa bilərsiniz. Görə biləcəyiniz digər ehtiyat tədbirləri arasında yeməyin dadına baxmadan əvvəl duz əlavə etmək vərdişini dayandırmaq olar. Yalnız yeməklərdən və süfrələrdən duzu azaltmaq kifayət deyil. İşlənmiş qidalar, konservlər, çipslər, hazır şorbalar və duzlu qəlyanaltılar tərkibində çox miqdarda duz olan qidalardır. Onları istehlak edərkən həddindən artıq olmamaqsı sümük sağlamlığınız və ümumi sağlamlığınız üçün vacibdir.

2. Kofein

Qəhvə bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsidir. Ancaq gündə 2 stəkandan çox qəhvə istehlak etmək qəhvənin tərkibindəki ksantin səbəbiylə sidikdə daha çox kalsiumun atılmasına səbəb olur. Bu artan kalsium itkisi zamanla sümük mineral sıxlığının azalmasına və sümüklərin zəifləməsinə səbəb ola bilər.

Tərkibində kofein olan qidalara qəhvə, çay, enerji içkiləri, qazlı içkilər və kakao daxildir. Bunların arasında ən çox kofein olanı təbii ki, qəhvədir. Maksimum tövsiyə olunan gündəlik kofein miqdarı 300 mq-dır. Bir fincan filtr qəhvənin içindəki kofeinin miqdarı, necə dəmləndiyindən asılı olaraq 95 mq ilə 200 mq arasında ola bilər. Kofein qəbulunu azaltmaq üçün qəhvəni gündə bir dəfə məhdudlaşdırmaq yaxşı bir addım olardı.

Qəhvəyə sıx ehtiyacınız varsa, kofeinsiz qəhvələrə müraciət edə bilərsiniz.

3. Qazlı su

Qazlı içkilərdə olan fosfor turşusu kalsiumun udulmasını azalda və kalsium-fosfor balansını poza bilər. Bu, sümük sıxlığının azalmasına və osteoporoz riskinin artmasına səbəb ola bilər.

Bir araşdırmada, gündə üç və ya daha çox qazlı içki qəbul edən qadınların kifayət qədər kalsium və D vitamini qəbul etmələrinə baxmayaraq, omba sümüyündəki mineral sıxlığının normaldan 4% aşağı olduğu müəyyən edilmişdir. 

Qazlı su istehlakını məhdudlaşdırmaqla və ya tamamilə kəsməklə sümük sağlamlığınızı qoruya bilərsiniz. 

Qazlı içki alternativi olaraq ayran və bitki çaylarını seçə bilərsiniz. Sadə mineral su gün ərzində sərinləmək üçün ən sağlam variantdır. Təbii ki, tərkibində natrium az olan mineral suları seçmək vacibdir.

4. Alkoqol

Alkoqol orqanizmin kalsiumun udulmasına mənfi təsir göstərə bilər və sümük əmələ gəlməsini dəstəkləyən hüceyrələrin (osteoblastlar) fəaliyyətini azalda bilər. Həddindən artıq spirt istehlakı sümük sıxlığını azaldır, osteoporoz riskini artırır.

Spirt istehlakını məhdudlaşdırmaqla sümük sağlamlığınızı qoruya bilərsiniz.

Alkoqol qəbulunu azaltmaq sümük sağlamlığınızı qorumaqla yanaşı ümumi sağlamlıq üçün də faydalıdır.

5. Şəkər

Yüksək miqdarda şəkər bədəndə kalsium və maqnezium kimi vacib mineralların udulmasını azaldır. Bu minerallar sümük sıxlığını qorumaq və sümükləri güclü saxlamaq üçün vacibdir. Şəkərin, xüsusən də rafinə şəkərin yüksək qəbulu bədənin kalsiuma olan ehtiyacını artıra bilər və kalsiumun sümüklərdə saxlanmasını çətinləşdirə bilər. Bundan əlavə, şəkərli qidalar və içkilər ümumiyyətlə aşağı qida dəyərinə malik olduğundan, belə qidaların həddindən artıq istehlakı ümumi qida keyfiyyətini aşağı salaraq dolayı yolla sümük sağlamlığına mənfi təsir göstərə bilər.

Sümük sağlamlığınızı qorumaq və osteoporoz riskini azaltmaq üçün yemək vərdişlərinizi nəzərdən keçirmək vacibdir. Duz, kofein, qazlı içkilər, spirt və az şəkərlə zəngin pəhriz sümüklərinizi zəiflədə və osteoporoza səbəb ola bilər. Buna görə də sümük sağlamlığı, kalsium baxımından kifayət qədər sağlam qidalanma, nizamlı idman və lazım gəldikdə kalsium və D vitamini əlavələri ilə mütəxəssis nəzarəti altında əldə edilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az