Alimlər və mütəxəssislər həzm sisteminin daha yaxşı işləməsi üçün gündəlik rasionda yer almalı olan qidaları müəyyənləşdiriblər.
E-saglam.az xəbər verir ki,İngiltərənin King’s College London Universitetinin alimləri tərəfindən aparılan və Böyük Britaniya Diyetoloqlar Assosiasiyası tərəfindən təsdiqlənən tədqiqatda, milyonlarla insana təsir edən və həyat keyfiyyətini azaldan xroniki qəbizliyə qarşı faydalı qidalar açıqlanıb.
Bu, xroniki qəbizlik yaşayan şəxslər üçün təqdim olunan ilk rəsmi qida siyahısıdır. Siyahıda kivi və çovdar çörəyi kimi məhsullar xüsusilə vurğulanıb.
75 fərqli klinik tədqiqatın nəticələrinə əsasən, alimlər müəyyən ediblər ki, ən azı dörd həftə ərzində gündə 2–3 kivi yemək bağırsaq hərəkətlərini artırmağa kömək edir. Həmçinin, maqnezium və sulfatla zəngin olan çovdar çörəyi də qəbizliyin qarşısının alınmasında faydalı hesab olunur.
Digər tərəfdən, çox lifli pəhriz növlərinin klinik tədqiqatlarda gözlənilən qədər effektiv nəticə vermədiyi qeyd olunub.
Tədqiqatın müəllifi Dr. Eirini Dimiri bildirib:
“Xroniki qəbizlik insanın gündəlik həyatına ciddi təsir göstərə bilər. Biz ilk dəfə olaraq, hansı pəhriz yanaşmalarının həqiqətən faydalı olduğunu və hansılarının elmi sübutlardan məhrum qaldığını dəqiq şəkildə göstərdik”.
Tərcümə: Nəzrin Abbas