“Soyuq fəsillərdə hava-damcı yolu ilə yayılan virus infeksiyalarının, xüsusilə də influenza virusunun aktivliyi artır”.
Bunu həkim-terapevt Sübhan Hacıyev E-saglam.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, influenza həm insandan insana, həm də bəzi hallarda heyvandan insana keçə bilən ciddi virusdur və laqeyd yanaşma ağır fəsadlara gətirib çıxara bilər.
“Ən təhlükəli növ İnfluenzanın A tipidir. Bu tip insanlarda və heyvanlarda (donuz qripi, quş qripi) müşahidə olunur və pandemiyalara səbəb ola bilər. Nəticədə pnevmoniya və tənəffüs çatışmazlığı kimi ağır vəziyyətlər yarana bilər. İnfluenzanın B tipi isə daha çox insandan insana keçir, nisbətən yüngül gedişli olur, lakin müalicə tələb edir. İnfluenzanın C tipi isə daha yüngül formada, zökəm simptomları ilə müşahidə olunur və adətən orqanizmin öz immun sistemi bu vəziyyətin öhdəsindən gəlir”.
Xəstəliyin əsas əlamətləri qəfil başlayan yüksək hərarət, bədən ağrıları, halsızlıq və boğaz ağrısı ilə özünü göstərir. Dəqiq diaqnoz üçün PCR testi və qan analizləri aparılmalıdır.
“İnfluenzadan qorxmaq lazım deyil, amma həkimə vaxtında müraciət çox vacibdir. Xəstəliyin ilk 3–5 günü ərzində başlanılan müalicə, xüsusilə oseltamivir preparatı ilə aparıldıqda, ağırlaşmaların qarşısını tamamilə almaq mümkündür,” – deyə həkim qeyd edib.
Profilaktika məqsədilə Sübhan Hacıyev insanlara payız-qış aylarında immun sistemini C və D vitaminləri, sink və selen kimi mikroelementlərlə gücləndirməyi, kollektiv yerlərdə maskadan istifadə etməyi və şəxsi gigiyenaya ciddi riayət etməyi tövsiyə edir.
O, həmçinin əlavə edib ki, sadalanan simptomlar 48 saatdan çox davam edərsə, özbaşına müalicə əvəzinə mütləq həkimə müraciət olunmalıdır.