Sizi hansı xəstəliklər kökəldir? - Həkimdən AÇIQLAMA
Sizi hansı xəstəliklər kökəldir? - Həkimdən AÇIQLAMA

"Bəzi qadınlar arıqlamaq məsələlərini peşəkar səviyyədə öyrənib, dəqiqliklə qidalanırlar, yemək pozğunluğunun bütün səbəblərini psixoloq vasitəsilə işləyib və buna baxmayaraq hələ də qarşıda nə qədər işləri olduğunu düşünürlər". 

Bu sözləri E-saglam.az-a açıqlamasında konsultant-mammoloq Şəhla İbrahimova bildirib. 

Onun sözlərinə görə, çox böyük işlər görməyinizə baxmayaraq heç cür arıqlaya bilmirsinizsə, aşağıdakı şərtləri nəzərə almağınız məsləhətdir: 

HİPOTİROİDİZM

Bu, tiroid hormonlarının uzunmüddətli və davamlı çatışmazlığı nəticəsində yaranan bir vəziyyətdir. Hipotiroidizmin vəziyyətini aşağıdakı kimi təsvir edə bilərik - tənbəllik, yuxululuq, qəbizlik, anemiya, şişkinlik. Bu kimi hallarda həqiqətən pəhrizin öhdəsindən gələ bilmək çətin olur. 

BÖYRƏKÜSTÜ VƏZİLƏRİN QEYRİ-KAFİ İŞLƏMƏSİ - “adrenal yorğunluq”.

Kortizol orqanizmdə karbohidrat mübadiləsini tənzimləyən, həmçinin stress reaksiyalarının inkişafında iştirak edən adrenal hormondur. Əgər siz bir neçə həftə, ay və ya il stressdə yaşasanız, kortizol davamlı olaraq istehsal olunacaq və maddələr mübadiləsinə nəzərəçarpacaq dərəcədə təsir edəcək. Kortizolun mühüm funksiyası bədənin enerji ehtiyatlarını qorumaqdır. Bu kimi hallar da çəki artımına səbəb ola bilir.

ESTROGEN ÇATIŞMAZLIĞI - menopauza, menstrual siklin pozulması

Yumurtalıqların istehsal etdiyi estrogen miqdarı azaldıqda, yağ müstəqil olaraq qadın cinsi hormonlarına çox oxşar maddələr istehsal etməyə başlayır. Nəticə olaraq, nə qədər az estrogen, omba və qarın bölgəsində bir o qədər çox yağ.

HƏDDİNDƏN ARTIQ PROLAKTİN

Normalda, o laktasiya üçün qida maddələrini saxlamağa kömək edir. Ancaq bəzi hallarda həddindən artıq prolaktin istehsal olunur (stress, prolaktinoma, yuxu pozğunluğu, viral xəstəliklər, tiroid disfunksiyası). Bunun nəticəsində də piylənmə sinə və çiyin nahiyyələrində toplanır.

Könül Oruc