Qəhvə, düzgün şəkildə qəbul edildikdə, həm enerjini artırır, həm də diqqət və zehni fəaliyyəti gücləndirir. Lakin bəzi yanlış vərdişlər bu içkinin faydasını azalda bilər.
E-saglam.az xəbər verir ki, Amerikalı həkim Tricia Pasrici “Infobae” telekanalına müsahibəsində qəhvəni daha sağlam şəkildə içməyin yolları barədə danışıb.
1. Şəkər və süni dadlandırıcılardan uzaq durun:
Mütəxəssis bildirib ki, qəhvənin faydasını artırmaq üçün ən vacib addım — şəkər və süni dadlandırıcılardan imtina etməkdir. Bu maddələr qəhvənin təbii antioksidant təsirini zəiflədir və qan şəkərinin sürətli dəyişməsinə səbəb olur.
2. Sənaye kremindən istifadə etməyin:
Pasricinin sözlərinə görə, tərkibində zərərli bitki yağları və emal olunmuş maddələr olan sənaye kremləri orqanizmə mənfi təsir göstərir.
“Ən sağlam seçim qatqısız, təmiz qəhvədir. Krem və ləzzət əlavələrinə xüsusilə diqqətli yanaşmaq lazımdır,” – deyə həkim vurğulayıb.
3. Filtr qəhvəyə üstünlük verin:
Araşdırmalar göstərir ki, filtr qəhvə digər növlərə nisbətən daha az zərərli birləşmələr (xüsusilə diterpenlər – cafestol və kahweol) ehtiva edir.
Uppsala Universitetinin tədqiqatı sübut edib ki, qəhvə maşınlarında hazırlanan içkilər xolesterin səviyyəsini artıra bilər. Buna görə də filtr üsulu daha təhlükəsiz sayılır.
4. Kafeinsiz və ya üyüdülmüş qəhvə də alternativdir:
Həkim qeyd edib ki, üyüdülmüş, hazır və ya kafeinsiz qəhvə də orqanizmə faydalı alternativlərdir, çünki bu variantlarda zərərli yağların və qatqıların miqdarı az olur.
5. Qəhvəni günortadan əvvəl için:
Pasrici xəbərdarlıq edib ki, qəhvəni axşam saatlarında içmək yuxu rejimini poza bilər. Ən ideal vaxt — səhər və günortadan əvvəldir. Bundan əlavə, qəhvə bağırsaq hərəkətliliyini stimullaşdıra bilər, buna görə bu içkiyə fərdi şəkildə uyğunlaşmaq vacibdir.
Qəhvənin sağlamlıq üçün ən faydalı forması — qatqısız, şəkərsiz və təmiz filtr qəhvədir. Belə içki bədəndə enerjini artırır, antioksidant təsir göstərir və beyin fəaliyyətini dəstəkləyir.
Tərcümə: Nəzrin Abbas