Xəstəliklər
Siqaret çəkməyənlər niyə
Xəstəliklər
191

Siqaret çəkməyənlər niyə ağciyər xərçənginə tutulur?

Son illərdə aparılan tədqiqatlar göstərir ki, siqaret çəkməyənlər arasında da ağciyər xərçəngi halları artır.

E-saglam.az xəbər verir ki, ağciyər xərçəngi deyildikdə ilk ağla gələn səbəb siqaret olsa da, dünya statistikalarına görə, xəstələrin 10-30%-i heç vaxt siqaret çəkməyib. Mütəxəssislər ətraf mühit və genetik faktorların bu vəziyyətdə böyük rol oynadığını bildirirlər. Aşağıda siqaret çəkməyənlərdə ağciyər xərçəngi riskini artıran 5 əsas səbəb təqdim olunur:

Radon qazı

Torpaqda və qayalarda təbii şəkildə yaranan, rəngsiz və qoxusuz radon qazı, xüsusilə birinci mərtəbələrdə və zəif havalandırılan binalarda toplanır. ABŞ-da hər il təxminən 21,000 insan radon səbəbindən ağciyər xərçəngindən vəfat edir. Evlərdə radonun yoxlanılması və lazımi tədbirlərin görülməsi bu riskin azaldılmasında vacibdir.

Passiv siqaret çəkimi

Siqaret çəkənlərin tüstüsünə məruz qalmaq da sağlamlıq üçün ciddi təhlükədir. Xüsusilə evdə siqaret çəkilən mühitdə yaşayan həyat yoldaşları və uşaqlar passiv siqaret səbəbindən ağciyər xərçəngi riskini artırır. Mütəxəssislər ev və iş yerlərində siqaret çəkilməsinin qadağan olunmasının vacibliyini vurğulayırlar.

Havanın çirklənməsi

Sənaye müəssisələri, nəqliyyat vasitələri və enerji istehsalı obyektlərindən yayılan zərərli maddələr havanın keyfiyyətini pisləşdirir. Uzun müddət belə havanın tənəffüs edilməsi ağciyər toxumasına zərər verərək xərçəng riskini artırır. Eyni zamanda, biokütlə yanacaqlarının istifadə olunduğu evlərdə düzgün ventilyasiyanın olmaması daxili havanın çirklənməsinə səbəb olur.

Ətraf mühit karsinogenləri

Asbest, benzol, dizel qazı və digər xərçəng yaradan maddələrə məruz qalmaq, xüsusilə tikinti, mədən və istehsal sahələrində işləyənlər üçün risk faktorudur. Bu maddələr siqaret çəkməyənlərdə də ağciyər xərçəngi riskini artırır.

Genetik amillər

Bəzi ağciyər xərçəngi halları genetik mutasiyalarla bağlıdır. Məsələn, EGFR genindəki dəyişikliklər nəzarətsiz hüceyrə çoxalmasına səbəb ola bilər. Bu mutasiyalar daha çox Asiya mənşəli qadınlarda müşahidə edilir. Genetik risk daşıyan şəxslər müntəzəm tibbi müayinələrdən keçməlidirlər.

Necə qorunmaq olar?

  • Evinizdə radon qazı üçün test aparın və lazım gələrsə, mütəxəssislərlə əlaqə saxlayın.

  • Passiv siqaretdən uzaq durun, evdə və iş yerində siqaret çəkməyi qadağan edin.

  • Havanın çirkləndiyi günlərdə açıq havada vaxt keçirməyi azaldın və qoruyucu maskadan istifadə edin.

  • Biokütlə yanacağı istifadə edirsinizsə, yaxşı ventilyasiyaya diqqət yetirin.

  • İş yerində karsinogen maddələrə qarşı qoruyucu vasitələrdən istifadə edin.

  • Ailənizdə ağciyər xərçəngi varsa, müntəzəm həkim müayinələrini unutmamalısınız.

Ağciyər xərçəngi yalnız siqaret çəkənləri deyil, siqaret çəkməyənləri də təhdid edir. Ona görə də fərdi və ictimai səviyyədə məlumatlılığın artırılması həyati əhəmiyyət kəsb edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun