Tibbi xəbərlər
Qidalardakı gizli təhlükə: Etiketlərdə mütləq yoxlamalı olduğunuz
Tibbi xəbərlər
150

Qidalardakı gizli təhlükə: Etiketlərdə mütləq yoxlamalı olduğunuz 5 tərkib

Mütəxəssislər bildirirlər ki, ultra emal olunmuş qidalar ürək xəstəlikləri və metabolik pozuntular da daxil olmaqla 30-dan çox sağlamlıq problemi ilə əlaqələndirilir.

E-saglam.az xəbər verir ki, çipslər, enerji içkiləri, hazır qidalar və şirniyyatlar kimi məhsullar bu qrupa daxildir və elmi araşdırmalara görə belə qidaların müntəzəm istehlakı ürək xəstəliyi riskini 47 faizədək artırır. Buna görə də alış-veriş zamanı məhsul etiketlərini diqqətlə oxumaq hər gün daha vacib olur.

Diyetoloq Rob Hobson qeyd edir ki, risk tək bir maddədən deyil, məhsulların ümumi tərkibindən qaynaqlanır və bu qidaların aşağı qida dəyərinə görə çox asan həddindən artıq istehlak olunduğunu bildirir. Böyük Britaniyada insanların gündəlik kalorilərinin yarıdan çoxu ultra emal olunmuş qidalardan gəlir və bu vəziyyət qlobal narahatlıq doğurur.

Qlukoza-fruktoza şərbəti

Qazlı içkilər, desertlər, qatıq növləri və dənli səhər yeməklərində olan bu maye şirinləndirici qan şəkərini sürətlə qaldıra bilir, toxluq hissini azaldır və daha çox yemə ehtiyacını yaradır. ÜST əlavə şəkərlərin günlük kalori qəbulunun 10 faizindən az olmasını tövsiyə edir.

Emulsifikatorlar

Polisorbat-80 və karboksimetilsellüloza kimi emulsifikatorlar dondurma, hazır yemək və yağsız yaymalarda istifadə olunur. Araşdırmalar bu maddələrin bağırsaq bakteriyalarına təsir edib iltihabı artırma ehtimalını göstərir.

Nitritlər və nitratlar

Kolbasa, salam, bekon və digər emal olunmuş ətlərdə qoruyucu olaraq istifadə edilir. ÜST bu qidaları kanserogen kimi təsnif edir. Mütəxəssislər vaxtaşırı istehlakın problem olmadığını, lakin müntəzəm istifadənin risk yaratdığını bildirirlər.

Süni şirinləndiricilər

Aspartam, sukraloza və asesulfam-K pəhriz içkilərində və şəkərsiz məhsullarda geniş yayılıb. Bəzi elmi məlumatlar onların bağırsaq mikroflorasına təsir edə və iştahanın tənzimlənməsini dəyişdirə biləcəyini göstərir.

Monosodium qlütamat (MSG)

Hazır əriştələr, çipslər və qəlyanaltılarda dad gücləndiricisi kimi istifadə olunur. Beynin mükafat mərkəzini stimullaşdıraraq daha çox yeməyə meyl yarada bilər. Zərərli sayılmasa da, əsas təhlükə MSG-nin adətən aşağı qida dəyərli məhsullarda olmasıdır.

Qeyd: Bu məlumatlar ümumi maarifləndirmə xarakteri daşıyır. Pəhriz və sağlamlıqla bağlı qərar vermədən əvvəl həkimə və ya ixtisaslı mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun