Tibbi xəbərlər
Qəbizliyin təhlükəli əlamətləri -
Tibbi xəbərlər
40

Qəbizliyin təhlükəli əlamətləri - mütəxəssis açıqladı

Qidalanma vərdişlərindəki dəyişikliklər, oturaq həyat tərzi, stress və müxtəlif xəstəliklər nəticəsində qəbizlik getdikcə daha geniş yayılır. Bu vəziyyət çox vaxt sadə səbəblərdən qaynaqlansa da, bəzən ciddi xəstəliklərin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, qastroenterologiya mütəxəssisi prof. dr. Özlem Özer qəbizliyin səbəblərindən bağırsaq sağlamlığını qoruma yollarına qədər bir sıra vacib məqamları açıqlayıb.

Mütəxəssisə görə, bağırsaqlar təkcə həzmdən məsul deyil. İmmunitet sisteminin böyük hissəsi bağırsaqlarla bağlıdır və mikrobiota bu sistemin tənzimlənməsində mühüm rol oynayır. Bundan əlavə, bağırsaq ilə beyin arasında güclü ikitərəfli əlaqə mövcuddur və xoşbəxtlik hormonu kimi tanınan serotoninin əhəmiyyətli bir hissəsi məhz bağırsaqlarda istehsal olunur. Bu səbəbdən bağırsaq sağlamlığı immunitet, maddələr mübadiləsi, əhval-ruhiyyə, yuxu və bəzi nevroloji proseslərlə sıx bağlıdır.

Hər kəsin bağırsaq vərdişləri fərqli olsa da, 3 gün və ya daha çox defekasiya edə bilməmək qəbizlik hesab olunur. Bəzi insanlar bu vəziyyətə alışsalar da, uzun müddətli qəbizlik normal sayılmır və mütləq araşdırılmalıdır. Qida allergiyası, hormonal pozğunluqlar və müxtəlif sağlamlıq problemləri qəbizliyə zəmin yarada bilər. Qəbizlik xüsusilə hamiləlik və südvermə dövründə qadınlarda daha çox müşahidə edilir.

Qida allergiyası bağırsaqlarda iltihaba səbəb olaraq bağırsaq hərəkətlərini yavaşlada və qəbizliyə yol aça bilər. Bu səbəbdən xüsusilə uzun sürən və ya səbəbi bilinməyən qəbizliklərdə allergik amillər də araşdırılmalıdır. Səbəb olan qida müəyyən edilib pəhrizdən çıxarıldıqda bağırsaq funksiyaları yaxşılaşa və şikayətlər azala bilər.

Qəbizliyin müalicəsində hər kəsə uyğun tək bir pəhriz modeli yoxdur. Qəbizlik bağırsaq hərəkətlərinin yavaşlaması, defekasiya mexanizmindəki pozğunluqlar, müəyyən xəstəliklər və ya dərman qəbulu kimi müxtəlif səbəblərdən inkişaf edə bilər. Buna görə xəstənin yaşı, həyat tərzi, qidalanma vərdişləri və müşayiət olunan xəstəliklər nəzərə alınaraq fərdi müalicə planı hazırlanmalıdır.

Qəbizlik ehtimalı olan insanlarda kolonoskopiya müayinəsi xüsusi əhəmiyyət daşıyır. Bu müayinə yoğun bağırsağı ətraflı araşdıraraq polipləri, şişləri, iltihabi xəstəlikləri və struktur pozğunluqları erkən mərhələdə aşkarlayır. Orta risk qrupunda skrininqə 45 yaşından başlanılması tövsiyə olunur. Ailəsində kolon xərçəngi olan və ya yüksək risk daşıyan şəxslərdə isə müayinəyə daha erkən başlanıla bilər.

Bağırsaq sağlamlığını dəstəkləmək üçün liflə zəngin qidalara üstünlük vermək vacibdir. Brokoli, ispanaq, yerkökü, artişok kimi tərəvəzlər, alma, armud, gavalı, əncir və ərik kimi meyvələr bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir. Mərcimək, noxud, lobya kimi paxlalılar, yulaf, bulqur və tam buğda məhsulları da həzmi dəstəkləyir. Qoz, badam və fındıq da bağırsaq sağlamlığına müsbət təsir göstərir. Sarımsaq, soğan, pırasa, qulançar, banan və yulaf prebiyotik mənbələr kimi faydalıdır. Qatıq, kefir və fermentləşdirilmiş qidalar isə probiyotik baxımından zəngindir. Soyuq sıxılmış zeytun yağı da həzm sisteminə fayda verir.

Mütəxəssis vurğulayır ki, tək bir möcüzəli qida mövcud deyil, əsas odur ki, balanslı və müxtəlif pəhriz saxlanılsın. Bunlarla yanaşı, lazımsız antibiotik qəbulundan çəkinmək, nizamlı yatmaq və stressi idarə etmək də bağırsaq mikrobiotasının qorunmasına ciddi töhfə verir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun