Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb.
E-saglam.az xəbər verir ki, onun tövsiyələri “mavi zonalar” kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır.
Büttnerin sözlərinə görə, uzunömürlülük üçün mütləq intensiv idmanla məşğul olmaq lazım deyil. “Mavi zonalar”da yaşayan insanlar gün ərzində təbii şəkildə daha çox hərəkət edirlər. Gəzinti, bağçılıq, ev işləri və gündəlik fiziki fəaliyyət onların həyat tərzinin bir hissəsidir.
İkinci qayda isə karbohidratlardan tamamilə imtina etməməkdir. Mütəxəssis bildirir ki, uzunömürlü insanların qidalanmasında paxlalılar, tam taxıllar, mayalı çörək və yaşıl yarpaqlı tərəvəzlər kimi karbohidrat mənbələri mühüm yer tutur.
Büttner qida əlavələrinə də ehtiyatla yanaşmağı tövsiyə edir. Onun fikrincə, vitamin və digər qida maddələrini mümkün qədər müxtəlif və balanslı qidalanma yolu ilə almaq lazımdır. Qida əlavələri isə əsasən tibbi ehtiyac olduqda qəbul edilməlidir.
Digər tövsiyə sərt pəhrizlərdən və həddindən artıq yeməkdən uzaq durmaqdır. Büttner xüsusilə porsiyaların ölçüsünə diqqət etməyi və tam toxluq hissinə çatmadan yeməyi dayandırmağın faydalı ola biləcəyini bildirir.
Mütəxəssis son olaraq sosial əlaqələrin, kifayət qədər yuxunun və gündəlik həyatda məqsəd hissinin əhəmiyyətini vurğulayır. Onun sözlərinə görə, uzunömürlülüyü yalnız idman və qidalanma ilə əlaqələndirmək düzgün deyil, insanın sosial həyatı və gündəlik vərdişləri də mühüm rol oynaya bilər.
Tərcümə: Könül Oruc