Tibbi xəbərlər
Tiroidlə bağlı bu səhvi çoxları edir:
Tibbi xəbərlər
9

Tiroidlə bağlı bu səhvi çoxları edir: həkim xəbərdarlıq etdi

Yod çatışmazlığını özbaşına müalicə etməyə çalışmaq sağlamlıq üçün təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, Uniclinic Tibb Mərkəzinin endokrinoloqu və dietoloqu Natalya Şvedova tiroid vəzinin sağlamlığı ilə bağlı geniş yayılmış yanlış fikirlərdən danışıb.

Mütəxəssisin sözlərinə görə, tiroid vəzi hormonların sintezi üçün yoda ehtiyac duyur. Lakin yod çatışmazlığını yalnız ekzotik meyvələr və ya qoz-fındıq hesabına aradan qaldırmaq mümkün deyil. Məsələn, 100 qram feyxoada təxminən 20–30 mikroqram yod olur ki, bu da böyüklər üçün gündəlik 150 mikroqramlıq tələbatın yalnız bir hissəsidir. Xurmanın tərkibində isə daha az yod var. Qozun isə geniş yayılmış fikrin əksinə olaraq, əhəmiyyətli yod mənbəyi olmadığı bildirilir.

Şvedova qeyd edib ki, yod çatışmazlığının qarşısının alınması üçün əsas üsullardan biri yodlaşdırılmış duzdan istifadə etməkdir. Təsdiqlənmiş yod çatışmazlığı zamanı isə müalicə həkim tərəfindən müəyyən edilməli və yod preparatlarının dozası fərdi şəkildə seçilməlidir.

Endokrinoloq dəniz yosunlarının, xüsusilə də kombu, laminariya və norinin tərkibində yod miqdarının çox dəyişə bildiyini vurğulayıb. Buna görə də bu məhsulları və xüsusilə yod tərkibli əlavələri həddindən artıq qəbul etmək yodun normadan artıq alınmasına səbəb ola bilər. Belə vəziyyət bəzi insanlarda, xüsusilə tiroid vəzində düyünləri olan şəxslərdə, qalxanabənzər vəzin həddindən artıq işləməsinə gətirib çıxara bilər.

Mütəxəssis həmçinin tiroid xəstəliklərinin müalicəsi üçün kəhrəba muncuq və ya bilərzik taxmağın elmi əsasının olmadığını bildirib. Onun sözlərinə görə, kəhrəbanın dəri vasitəsilə müalicəvi miqdarda yod təmin etməsi mümkün deyil. Bu cür üsullardan sonra özünü yaxşı hiss edən insanlarda müşahidə olunan dəyişikliklər plasebo effekti və ya həyat tərzindəki digər dəyişikliklərlə bağlı ola bilər.

Kələm və digər xaççiçəkli tərəvəzlərlə bağlı narahatlıqlara gəlincə, Şvedova onların normal miqdarda qəbulunun sağlam insanlar üçün problem yaratmadığını qeyd edib. Çiy kələmin yodun mənimsənilməsinə təsir göstərməsi üçün çox böyük miqdarda, xüsusilə də ciddi yod çatışmazlığı fonunda istehlak edilməli olduğu bildirilir. Bişmiş, pörtlədilmiş və digər üsullarla istilik emalından keçirilmiş kələmin isə bu baxımdan daha az risk yaratdığı vurğulanır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun