Qan təzyiqinin hansı səviyyədən sonra təhlükəli sayıldığı ilə bağlı mühüm açıqlama verilib.
E-saglam.az xəbər verir ki, kardioloq Aleksey Utin bildirib ki, 125/85 və ya hətta 135/85 göstəriciləri panika üçün əsas deyil və bu halda təcili yardım çağırmağa ehtiyac yoxdur.
Mütəxəssis qeyd edir ki, son illərdə normal təzyiq göstəriciləri ilə bağlı yanaşmalar dəyişib. Əvvəllər 140/90 həddi normalın yuxarı sərhədi hesab edilsə də, indi ideal təzyiq 120/80-dən aşağı sayılır.
Həkimin sözlərinə görə, 140/90 və ondan yuxarı göstəricilər artıq hipertoniyanın əlamətidir. Lakin 120-135 arası göstəricilər daha çox nəzarət tələb edən aralıq vəziyyət kimi qiymətləndirilir.
Utin vurğulayır ki, belə hallarda dərhal dərmanlara başlamaq əvəzinə həyat tərzində dəyişikliklər etmək daha vacibdir. Duzun azaldılması, çəkinin normallaşdırılması və fiziki aktivliyin artırılması əsas tövsiyələr arasındadır.
Əgər təzyiq 135/85 ətrafında qalırsa, bir neçə gün ərzində sakit şəraitdə ölçülməsi və nəticələrin həkimlə paylaşılması tövsiyə olunur.
Tərcümə: Könül Oruc