Piroqov Universitetinin ümumi terapiya professoru Oleq Kotenko bildirib ki, bir çox insanın faydalı hesab etdiyi dərman bitkiləri bəzən sağlamlıq üçün risk yarada bilər.
E-saglam.az xəbər verir ki, o, müsahibəsində bitki mənşəli vasitələrin təhlükəsizliyi ilə bağlı yayılmış fikirlərin həmişə doğru olmadığını deyib.
Mütəxəssisin sözlərinə görə, otlar yalnız faydalı maddələri deyil, eyni zamanda ətraf mühitdə olan zərərli hissəcikləri də özünə çəkir. Buna görə də hətta təmiz görünən bitkilərin tərkibində belə müxtəlif çirklər ola bilər.
Kotenko qeyd edib ki, xalq təbabətində geniş istifadə olunan bəzi bitkilər də uzun müddət qəbul edilməməlidir. Məsələn, ənənəvi olaraq böyrəklər üçün faydalı hesab edilən mərcangilə yarpağı uzun müddət istifadə edildikdə əks təsir göstərə bilər. Həkimin sözlərinə görə, bu cür vasitələri 10 gündən artıq qəbul etmək tövsiyə olunmur.
Professor vurğulayıb ki, sağlamlığı qorumaq üçün yalnız bitki mənşəli vasitələrə güvənmək düzgün yanaşma deyil. O, insanlara siqaretdən uzaq durmağı, çəkini nəzarətdə saxlamağı və lazımsız dərman qəbulundan çəkinməyi tövsiyə edib.
Tərcümə: Könül Oruc