Almaniyalı tədqiqatçılar insan orqanizmində bioloji yaşlanmanın hansı yaşdan etibarən işə düşdüyünü dəqiq müəyyən etməyə nail olublar.
E-saglam.az xəbər verir ki, onların nəticələri "Aging-US" jurnalında dərc olunub.
Araşdırma doğumdan 18 yaşa qədər olan 280 nəfərin qan nümunələrinin təhlilinə əsaslanıb. Alimlər diqqəti ribosomal DNT-yə (rDNT) yönəldiblər. Bu, hüceyrənin yaşaması və fəaliyyət göstərməsi üçün kritik sayılan genom sahəsidir.
Məlum olub ki, yetkinlik yaşına qədər orqanizm rDNT-ni “gənc” vəziyyətdə saxlamaq üçün aktiv işləyir. Bu dövrdə metillənməmiş, yəni daha aktiv olan rDNT nüsxələrinin sayı hətta bir qədər artır. Metilasiya isə genin aktivliyini azaldan kimyəvi proses kimi tanınır.
Böyüklərdə isə tam əks tendensiya müşahidə edilir: yaş artdıqca rDNT-nin metilasiyası yüksəlir, aktiv nüsxələrin sayı isə azalır. Alimlər hesab edirlər ki, bu dəyişikliklər hüceyrə qocalmasının ən etibarlı biomarkerindən biridir.
Tədqiqat göstərir ki, bioloji yaşlanma bədənin reproduktiv funksiyasını tamamlamasından sonra avtomatik aktivləşən proqramlaşdırılmış mexanizmdir. Bu isə yaşlanmanın sadəcə təsadüfi və yavaş proses olmadığını, müəyyən “başlanğıc nöqtəsi” olduğunu ortaya qoyur.
Yetkinlik dövrünün tamamlanması fərdlərdə müxtəlif yaşlarda baş verir. Qızlarda adətən 16-17 yaşlarında, oğlanlarda isə 18-19 yaşlarında bitir.
Tərcümə: Könül Oruc