Yüksək qan təzyiqi çox vaxt heç bir simptom vermədən irəliləyir və yalnız orqanlara zərər vurduqda aşkarlanır. Buna görə də mütəxəssislər müntəzəm ölçmələrin həyati vacibliyini vurğulayırlar.
E-saglam.az xəbər verir ki, kardioloq Prof. Dr. Olcay Özveren bildirir ki, hipertoniya — yəni yüksək qan təzyiqi — cəmiyyətdə geniş yayılıb, lakin xəstələrin yarısı vəziyyətindən xəbərsizdir.
“Hipertoniya səssiz şəkildə inkişaf edir, amma nəticələri çox ağır ola bilər. Ürək, beyin, böyrəklər və gözlər kimi həyati orqanlara ciddi zərər vurur”, — deyə o xəbərdarlıq edib.
Risk amilləri iki qrupa bölünür: dəyişdirilə bilməyən və dəyişdirilə bilən. Yaşın artması, genetik meyl və bəzi xroniki xəstəliklər birincisinə daxildir. Dəyişdirilə bilən amillərə isə duzun çox istifadəsi, siqaret, spirt, oturaq həyat tərzi, stress və artıq çəki daxildir.
Hipertoniya çox vaxt asemptomatik olur, lakin bəzən səhər baş ağrısı, ürək döyüntüsü, nəfəs darlığı, başgicəllənmə və yorğunluqla özünü göstərə bilər.
Mütəxəssislər sağlam insanlara ən azı ildə bir dəfə, 40 yaşdan yuxarı şəxslərə isə daha tez-tez qan təzyiqini ölçməyi məsləhət görürlər. Hipertoniya riski olanlar və ya xəstələr isə bu ölçmələri həkim göstərişinə uyğun şəkildə daha müntəzəm aparmalıdırlar.
Normal qan təzyiqi 120/80 mm civə sütunundan aşağı hesab olunur. Bu göstəricidən yuxarı nəticələr varsa, həyat tərzi dəyişiklikləri və həkimlə məsləhətləşmək vacibdir. Qan təzyiqini nəzarətdə saxlamaq, “səssiz qatil” adlandırılan bu xəstəlikdən qorunmağın ən effektiv yoludur.
Tərcümə: Könül Oruc