Türkiyə Səhiyyə İnstitutları (TÜSEB) və Səhiyyə Elmləri Universitetinin (SBU) Validebağ Tədqiqat Mərkəzinin alimləri ağciyər xərçəngində radioterapiyaya cavabı müəyyən edən 12 geni aşkarlayıblar. Siçanlar üzərində aparılan bu araşdırma fərdiləşdirilmiş radioterapiya tətbiqlərinə yol aça bilər.
E-saglam.az xəbər verir ki, tədqiqat zamanı “çılpaq siçanlar” üzərində ağciyər xərçəngi modelləri yaradılıb və şişlər müəyyən həcmə çatdıqdan sonra radioterapiya ilə müalicə olunub. Cəmi 48 saat sonra şiş toxumalarından götürülən nümunələr genetik analizə məruz qalıb. Növbəti nəsil ardıcıllıq (NGS) və bioinformatik analizlər nəticəsində radioterapiyadan sonra gen ifadəsində əhəmiyyətli dəyişikliklər müşahidə edilib.
Müəyyən olunub ki, bəzi şiş basqılayan və immunitetlə əlaqəli genlər müalicəyə daha güclü reaksiya verir. Eyni zamanda xəstəliyin təkrarlanması və beyin-sümük metastazı ilə bağlı genlərin də aktivləşdiyi aşkarlanıb. Bu, bəzi şiş hüceyrələrinin radioterapiyaya qarşı müdafiə mexanizmi inkişaf etdirdiyini göstərib.
Layihə rəhbəri, SBU Haydarpaşa Nümunə Xəstəxanasının Radiasiya Onkologiyası müəllimi dosent Dr. Serhat Aras bildirib ki, məqsəd radioterapiyanın kiçik hüceyrəli olmayan ağciyər xərçəngi genlərinə təsirini müəyyən etmək olub. O deyib: “Radioterapiya hər genə fərqli təsir göstərir. NGS və bioinformatika analizləri ilə bu dəyişikliklərin xəritəsini hazırladıq.”
Aras qeyd edib ki, müəyyən edilən 12 gendən yeddisi şişin çoxalması və immun reaksiyasında mühüm rol oynayır. Radioterapiyadan sonra bu genlərdə əhəmiyyətli artım qeydə alınıb. Digər beş genin isə xəstəliyin təkrarlanması və metastazla əlaqəli olduğu müəyyən edilib.
Alimlərin fikrincə, NGS əsaslı analizlərin klinik qərar proseslərinə inteqrasiyası gələcəkdə fərdiləşdirilmiş radioterapiya üçün yeni imkanlar yaradacaq. Radioterapiyadan əvvəl genetik analiz aparılarsa, hər xəstəyə uyğun doza və əlavə müalicə üsulları – immunoterapiya və ya hədəflənmiş dərmanlar – seçilə bilər.
Aras əlavə edib: “Bu tədqiqat sayəsində 12 genin xəritələşdirilməsi ağciyər xərçəngində radioterapiyaya cavabın genetik səviyyədə müəyyən edilməsinə imkan verdi. Bu, gələcəkdə hər xəstəyə xas müalicə planları hazırlamaq üçün mühüm addımdır”.
Tərcümə: Könül Oruc