Ağciyər xərçəngi adətən öskürək, sinə ağrısı və nəfəs darlığı ilə əlaqələndirilir. Lakin bu xəstəlik bədənin digər hissələrində, xüsusilə də qıçlarda və ayaqlarda da özünü göstərə bilər.
E-saglam.az xəbər verir ki, şişkinlik, ağrı, qızartı, keyimə və dəri dəyişiklikləri, ağciyər xərçənginin qan dövranı və limfa sistemi üzərindəki təsiri nəticəsində yaranır. Bu əlamətlər qan laxtalanması, sinir zədələnməsi və ya bədəndə maye yığılması kimi ciddi fəsadların xəbərçisi ola bilər. Erkən aşkarlandıqda, düzgün diaqnoz və müalicə xəstənin vəziyyətinin yaxşılaşmasına kömək edə bilər.
QIÇ VƏ AYAQLARDAKI DƏYİŞİKLİKLƏR NƏYİ GÖSTƏRİR?
Mütəxəssislərin sözlərinə görə, qıçlarda və ayaqlarda yaranan şişkinlik, qızartı və ya keyimə, ağciyər xərçənginin qan dövranına, oksigen daşınmasına və limfa axınına təsir etdiyinin göstəricisi ola bilər.
Ağciyər xərçəngini göstərə biləcək mümkün əlamətlər bunlardır:
QIÇ VƏ AYAQLARDA ŞİŞKİNLİK (Periferik ödem)
Qıçlarda, ayaqlarda və topuqlarda şişkinlik ağciyər xərçəngi ilə əlaqəli ən çox rast gəlinən simptomlardan biridir. Şişin böyüməsi nəticəsində damar və ya limfa axınının pozulması, kimyaterapiya və bəzi hədəfli müalicələrin yan təsirləri, həmçinin ürək və ya böyrək fəsadları ödemin əsas səbəbləri arasındadır.
AĞRI, QIZARTI VƏ İSTİLİK (Mümkün qan laxtası)
Ağciyər xərçəngi xəstələrində dərin damar trombozu riski əhəmiyyətli dərəcədə artır. Tək qıçda ağrı, həssaslıq, istilik və qızartı müşahidə edilirsə, bu, qan laxtasının əlaməti ola bilər. Laxta ağciyərlərə keçərsə, bu, həyati təhlükə yaradan ağciyər emboliyasına səbəb ola bilər.
KEYİMƏ VƏ YANMA (Periferik neyropatiya)
Bəzi kimyaterapiya dərmanları periferik sinirlərə təsir göstərərək qıçlarda və ayaqlarda qarıncalanma, yanma və keyimə yarada bilər. Bu, yeriməni və tarazlığı çətinləşdirə bilər və bəzən müalicədən sonra da davam edə bilər.
DƏRİ RƏNGİNİN DƏYİŞİLMƏSİ
Solğun, bənövşəyi və ya qırmızımtıl rəng dəyişiklikləri, oksigen daşınması və qan dövranı ilə bağlı problemləri göstərə bilər. Limfa və ya damar çatışmazlığı, eləcə də müalicənin yan təsirləri nəticəsində dəri yaraları əmələ gələ bilər.
ƏZƏLƏ ZƏİFLİYİ VƏ KRAMP
Xəstəlik və müalicə, xüsusilə aşağı ətraflarda əzələ zəifliyinə səbəb ola bilər. Bu, uzunmüddətli hərəkətsizlik, qida çatışmazlığı və ya əzələlərə oksigen çatışmazlığı ilə əlaqədardır.
AYAQ BARMAQLARINDA QALINLAŞMA
Adətən əllərdə müşahidə edilən barmaq qalınlaşması ayaq barmaqlarında da yarana bilər. Dırnaq yatağında və barmaq uclarında yumşaq toxumanın böyüməsi ilə özünü göstərir. Bu vəziyyət, xərçəng də daxil olmaqla, uzunmüddətli oksigen çatışmazlığının göstəricisidir.
Bu erkən əlamətlərin müəyyən edilməsi, ağciyər xərçənginin vaxtında diaqnoz olunmasına və müalicənin erkən başlanmasına imkan yaradır. Mütəxəssislər, xüsusilə qıçlarda və ayaqlarda anormal dəyişikliklər hiss edən hər kəsin gecikmədən həkimə müraciət etməsini tövsiyə edirlər.
Tərcümə: Könül Oruc