Ürəyin fəaliyyəti bədənin ümumi sağlamlığının əsas göstəricilərindən biridir. Normal şəraitdə o, müəyyən ardıcıllıq və tezliklə döyünür: əvvəlcə qulaqcıqlar, sonra isə mədəciklər daralır. Həkimlərin sözlərinə görə, istirahət zamanı sağlam insanın nəbzi dəqiqədə 50–100 döyüntü arasında olmalıdır.
E-saglam.az xəbər verir ki, ürək-damar xəstəliklərinin kompleks problemləri tədqiqat institutunun müdiri, tibb elmləri doktoru Sergey Mamçurun sözlərinə görə, aritmiya — yəni ürək ritminin pozulması — çox geniş yayılmış problemdir:
“Demək olar ki, hər kəs həyatında ən azı bir dəfə aritmiya epizodu yaşayır. Onların əksəriyyəti təhlükəli olmasa da, bəzən ciddi fəsadlara və hətta qəfil ölümə səbəb ola bilər.”
Mütəxəssis qeyd edir ki, miyokard infarktı çox vaxt aritmiyanın nəticəsində yaranır və ya onunla başlayır. Ürək döyüntüsünün qəflətən sürətlənməsi və ya yavaşlaması, səbəbsiz titrəmə, sinə ağrısı, nəfəs darlığı kimi hallar müşahidə olunarsa, bu, ürək ritminin pozulmasından xəbər verir.
Həkimlər xəbərdarlıq edir ki, narahatlıq, fiziki gərginlik və stress də nəbzin müvəqqəti artmasına səbəb ola bilər, lakin bu hallar tez-tez təkrarlanırsa, EKQ və kardioloq müayinəsi vacibdir.
“Ürəyinizin vəziyyətini qiymətləndirməyin ən etibarlı yolu – vaxtaşırı tibbi müayinə və nəbzə nəzarətdir,” – deyə Mamçur vurğulayıb.
Tərcümə: Nəzrin Abbas