Həkimlər üz iflicinə səbəb ola biləcək əsas amilləri açıqlayıblar. Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət çox vaxt üz sinirinin iltihabı nəticəsində yaranır və qəfil baş verə bilər.
E-saglam.az xəbər verir ki, nevroloqlar bildirirlər ki, soyuqlama, virus infeksiyaları, stres, qan dövranı pozğunluqları və şəkərli diabet üz sinirinə zərər vuraraq iflicə səbəb ola bilər. Xüsusilə qrip, herpes və ya digər viruslar sinir toxumalarında şiş və iltihab yaradır ki, bu da üz əzələlərinin hərəkətini məhdudlaşdırır.
Mütəxəssislər qeyd edirlər ki, üzün bir tərəfində qəfil əzələ zəifliyi, gözün tam bağlana bilməməsi, dodaqların əyilməsi və mimikanın pozulması üz iflicinin əsas əlamətləridir.
Həkimlər bu vəziyyətdə dərhal müalicəyə başlanmasının vacibliyini vurğulayır. Erkən diaqnoz və düzgün terapiya sinir funksiyasının bərpasını sürətləndirə bilər.
Nevroloqlar həmçinin soyuq havada baş və boyun hissəsinin qorunması, stressin azaldılması və immun sisteminin gücləndirilməsi ilə bu riskin minimuma endirilə biləcəyini bildirirlər.
Tərcümə: Nəzrin Abbas