Sağlamlıq
Bir dərmana qarşı allergiyam olub-olmadığını
Sağlamlıq
134

Bir dərmana qarşı allergiyam olub-olmadığını necə bilərəm?

Dərman allergiyası — immunitet sisteminin müəyyən dərmanlara qarşı verdiyi qeyri-adi reaksiyadır.

E-saglam.az xəbər verir ki, bu vəziyyət dərmanın toksikliyindən deyil, orqanizmin həmin maddəyə fərdi həssaslığından asılıdır. Demək olar ki, istənilən dərman allergiyaya səbəb ola bilər.

Dərman allergiyası necə görünür?

Dərman allergiyasının əlamətləri digər allergiyalardan fərqlənmir. Ən çox döküntü, arı sancması (ürtiker), qaşınma, şişkinlik, nəfəs darlığı, burun tutulması və göz yaşarması kimi simptomlar müşahidə olunur.

Bu əlamətlər dərmanı qəbul etdikdən bir neçə saat, gün və ya hətta həftə sonra da ortaya çıxa bilər.

Ən təhlükəli forma anafilaksiyadır — dərmanı qəbul etdikdən dərhal və ya bir neçə saat ərzində baş verə bilər. Bu zaman ağciyər ödemi, təzyiqin enməsi, sürətli ürək döyüntüsü (taşikardiya) və qarın ağrısı kimi həyati təhlükəli simptomlar inkişaf edə bilər.

Dərman allergiyası niyə baş verir?

Bəzən immunitet sistemi dərmanın kimyəvi tərkibini zərərli maddə kimi qəbul edir. Bu zaman orqanizm antikorlar adlanan xüsusi zülallar istehsal edir və həmin maddəyə qarşı allergik reaksiya yaranır.

Antikorlar adətən dərmanla ilk təmas zamanı yaranır, lakin əlamətlər çox vaxt təkrar qəbuldan sonra üzə çıxır. Maraqlıdır ki, bəzən biz dərmanla daha əvvəl dolayısı yolla — məsələn, antibiotiklə müalicə olunmuş ət məhsulu vasitəsilə — qarşılaşmış ola bilərik.

Digər hallarda dərman T-lenfositlərə birbaşa təsir edir və immun hüceyrələri kimyəvi maddələr ifraz edərək allergiyaya səbəb olur.

Bəzi dərmanlar digərlərinə nisbətən daha çox allergik reaksiya törədir:

Antibiotiklər (xüsusilə penisilinlər)

Ağrıkəsicilər (ibuprofen, aspirin və s.)

Otoimmün xəstəliklərə qarşı dərmanlar (məsələn, revmatoid artrit üçün)

Kimyaterapiya preparatları

Psevdo-allergiya nədir?

Bəzən dərman qəbulundan sonra yaranan xoşagəlməz əlamətlər allergiyaya bənzəyir, amma əslində deyil. Bu, allergik olmayan hiperhəssaslıq reaksiyası adlanır və immun sisteminin iştirakı olmadan baş verir. Xarici görünüşcə eynidir, amma səbəb fərqlidir.

Belə reaksiyalara tez-tez aspirin, opiatlar, anesteziklər və rentgen kontrast maddələri səbəb olur. Hətta şokolad belə, bəzən oxşar simptomlar (qaşınma, döküntü) yarada bilər, baxmayaraq ki, bu, immun reaksiyası deyil.

Kimlərdə dərman allergiyası riski daha yüksəkdir?

Allergiya hər kəsdə yarana bilər, lakin risk aşağıdakı hallarda artır:

Qida allergiyası və ya saman qızdırması olanlarda

Ailədə dərman allergiyası halları müşahidə olunubsa

Dərman yüksək dozalarda və ya uzun müddət qəbul edilirsə

Bəzi xəstəliklər (məsələn, HİV və ya Epstein–Barr virusu) mövcuddursa

Allergiyadan necə qorunmaq olar?

Təəssüf ki, bir dərmana qarşı reaksiyanı əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Buna baxmayaraq, riski azaltmaq üçün həkimlər adətən kiçik dozalardan başlayır və ya inyeksiyadan sonra qısa müddət pasiyenti müşahidə altında saxlayırlar.

Təhlükəsiz müalicə üçün vacib qaydalar:

Əvvəllər hər hansı dərmana qarşı allergiyanız olubsa, bunu mütləq həkiminizə bildirin.

Dərmanları yalnız həkimin göstərişinə uyğun qəbul edin və dozaya əməl edin.

Hər hansı xoşagəlməz simptom (döküntü, qaşınma, təzyiqin düşməsi və s.) hiss etdikdə öz-özünə müalicə etməyin, dərhal tibbi yardıma müraciət edin.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun