Sinqapur Milli Universitetinin (NUS) alimləri quru göz sindromunun müalicəsi üçün qeyri-adi bir yanaşma üzərində çalışıblar. Tədqiqatçılar ispanaq yarpaqlarından əldə edilən mikroskopik strukturlardan istifadə edərək yeni müalicə üsulunu sınaqdan keçiriblər.
E-saglam.az xəbər verir ki, alimlər ispanaq hüceyrələrində fotosintez prosesini həyata keçirən “tilakoid” adlı mikroskopik strukturları təcrid edərək xüsusi tərkibli göz damcısı hazırlayıblar. Bildirilib ki, bu strukturlar işıqla qarşılıqlı təsirə girərək antioksidant təsirli birləşmələrin yaranmasını stimullaşdıra bilər və göz səthində hüceyrə zədələnməsini azalda bilər.
Tədqiqatçıların sözlərinə görə, bu təsir quru göz sindromu ilə bağlı narahatlıqları azaltmağa və göz səthinin qorunmasına kömək edə bilər.
Laboratoriya mərhələsində aparılan sınaqlarda göz yaşı ifrazının artdığı və göz səthində zədələnmənin azaldığı müşahidə olunub. Mütəxəssislər əldə olunan nəticələrin ümidverici olduğunu və yeni müalicə yanaşmasına yol aça biləcəyini bildirirlər.
Bununla belə, alimlər metodun insanlar üzərində geniş tətbiqindən əvvəl əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar. Bitki mənşəli bioloji strukturların gələcəkdə tibbdə yeni imkanlar yarada biləcəyi qeyd olunur.
Tərcümə: Könül Oruc