Gözləri ovuşdurmaq bir çox insanın şüuraltı yerinə yetirdiyi vərdişdir. Lakin oftalmoloqlar bu görünüşdə zərərsiz hərəkətin ciddi sağlamlıq risklərini özündə gizlətdiyini vurğulayır.
E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, bu vərdiş xüsusilə ekran qarşısında uzun müddət qalan insanlar arasında geniş yayılıb. Göz yorğunluğu, quruluq, allergik konyunktivit və ətraf mühitin qıcıqlandırıcı təsiri gözləri ovuşdurmaq istəyini artıran başlıca amillərdəndir.
Buynuz qişa riski altındadır
Oftalmoloqların diqqəti çəkdiyi ən ciddi təhlükələrdən biri buynuz qişanın zədələnməsidir. Gözləri daim və ya güclü şəkildə ovuşdurmaq buynuz qişanın strukturunu zəiflədərək keratokonus xəstəliyinin inkişaf riskini artırır. Bu xəstəlikdə buynuz qişa incəlir, irəli çıxır və görmə keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür.
Bundan əlavə, güclü ovuşdurmaq buynuz qişa səthində kiçik cızıqlara da səbəb ola bilər. Bu isə ağrı, bulanıq görmə, işığa həssaslıq və yanma hissi kimi şikayətlərlə özünü büruzə verir.
İnfeksiya riski
Əllər gün ərzində çoxsaylı bakteriya və viruslarla təmasda olur. Göz ovuşdurulduğu zaman bu mikroorqanizmlər birbaşa gözün səthinə keçə bilər. Mütəxəssislər bunun konyunktivit başda olmaqla müxtəlif göz infeksiyalarına zəmin yaratdığını bildirir.
Allergiyadan əziyyət çəkənlər üçün isə vəziyyət daha da mürəkkəbdir. Gözləri ovuşdurmaq anlıq rahatlama versə də, allergik reaksiyaya səbəb olan maddələrin daha çox ifraz olunmasına yol açaraq qaşınmanı uzun müddətdə gücləndirir.
Oftalmoloqlar nə tövsiyə edir?
Oftalmoloqlar gözlər qaşındıqda ovuşdurmaq əvəzinə süni göz yaşı damcılarından istifadə etməyi, soyuq kompress qoymağı və allergiya ilə bağlı problemlərə müvafiq müalicə almağı məsləhət görür.
Davamlı qaşınma, qızartı, ağrı və ya bulanıq görmə hallarında isə oftalmoloqa müraciət etmək vacibdir. Mütəxəssislərə görə, qaşınmanın səbəbini müəyyən edib müalicə etmək, vərdişi davam etdirməkdən qat-qat təhlükəsizdir.
Tərcümə: Könül Oruc