Tibbi xəbərlər
Professor yüksək təzyiqin 3 əsas əlamətini açıqladı -
Tibbi xəbərlər
157

Professor yüksək təzyiqin 3 əsas əlamətini açıqladı - Tanometr olmadan müəyyən edəcəksiniz

Arterial hipertenziya çox vaxt uzun müddət simptomsuz inkişaf edir və yalnız ciddi fəsadlar zamanı üzə çıxır. Lakin mütəxəssislər bildirirlər ki, orqanizm əvvəlcədən müəyyən siqnallar verə bilər.

E-saglam.az xəbər verir ki, tibb elmləri doktoru, professor Aleksandr Karabinenko tonometr olmadan yüksək təzyiqi şübhələndirə bilən üç əsas əlaməti sadalayıb.

İlk və ən erkən simptom baş ağrısıdır. Bu ağrı əsasən başın arxa hissəsində hiss olunur, sıxıcı və ya döyünən xarakter daşıyır. Hərəkət, əyilmə, yüksək səs və güclü işıq zamanı daha da artır və xəstələr tərəfindən “başı sıxan lent hissi” kimi təsvir edilir.

İkinci əlamət ürəkbulanma və qusmadır. Təzyiq daha da yüksəldikdə beyin toxumasında yaranan dəyişikliklər qusma mərkəzini qıcıqlandıra bilər. Bu halda qusma adətən rahatlıq vermir və qida qəbulu ilə bağlı olmur.

Üçüncü əlamət isə burun qanamasıdır. Professorun sözlərinə görə, təzyiq kəskin artdıqda burun selikli qişasındakı zərif damarlar partlaya bilər. Bu, orqanizmin təzyiqi qismən azaltma mexanizmi kimi də qiymətləndirilir.

Mütəxəssis qeyd edib ki, bu simptomlar tibbdə uzun müddətdir tanınır və keçmişdə hətta hipertoniyanın müalicəsində qan aldırma üsulundan istifadə olunurdu. Bu, dövran edən qanın həcmini azaldaraq damar ağırlaşmalarının riskini azaltmağa xidmət edirdi.

Həkimlər xəbərdarlıq edirlər ki, bu əlamətlər müşahidə olunarsa, mütləq təzyiq ölçülməli və həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun