Göz rəngi adətən insanın dəyişməyən fitri xüsusiyyətlərindən biri hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, bəzi hallarda göz rəngində həm müvəqqəti, həm də daimi dəyişikliklər müşahidə oluna bilər.
E-saglam.az xəbər verir ki, göz rəngini müəyyən edən əsas faktor gözün qüzehli qişasında olan melanin miqdarıdır. Melanin nə qədər çox olarsa, gözlər daha tünd görünür, az olduqda isə mavi və yaşıl çalarlar daha qabarıq olur. Bu səbəbdən melanin səviyyəsindəki dəyişikliklər və işığın əks olunma xüsusiyyətləri göz rənginin fərqli görünməsinə səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, bəzi dərman preparatları da göz rənginə təsir göstərə bilər. Xüsusilə qlaukoma müalicəsində istifadə olunan bəzi damcılar melanin istehsalını artıraraq gözlərin zamanla daha tünd görünməsinə səbəb ola bilər. Bəzi hallarda bu dəyişiklik daimi xarakter daşıya bilər.
Tibbi ədəbiyyatda COVID-19 müalicəsində istifadə olunan favipiravir preparatı ilə əlaqəli müvəqqəti göz rəngi dəyişiklikləri barədə də nadir hallarda məlumatlar qeyd olunub. Lakin bu hallar olduqca az rast gəlinir.
Bundan əlavə, göz nahiyəsinə zərbələr, kimyəvi yanıqlar və digər travmalar da göz rəngində dəyişikliklərə səbəb ola bilər. Belə hallarda qanaxma, piqment itkisi və ya iltihabi proseslər iris rənginin fərqli görünməsinə gətirib çıxara bilər.
Həkimlər qeyd edirlər ki, bəzi infeksiyalar və iltihabi göz xəstəlikləri, xüsusilə uveit, göz qüzehli qişasında piqment dəyişiklikləri yarada bilər və bu da göz rəngində nəzərəçarpan fərqlərə səbəb ola bilər.
Bununla yanaşı, hər görünən dəyişiklik real tibbi dəyişiklik olmaya da bilər. İşıq, ətraf mühit, geyim rəngi və göz bəbəyinin ölçüsü də göz rənginin fərqli qavranılmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, yetkin yaşda qəfil və davamlı göz rəngi dəyişikliyi müşahidə olunarsa, mütləq oftalmoloqa müraciət edilməlidir. Erkən diaqnoz mümkün göz xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.
Tərcümə: Könül Oruc