Mütəxəssislər xəbərdarlıq edir ki, ilkin tibbi yardım haqqında cəmiyyətdə geniş yayılmış yanlış inanclar insanlarda ikinci dərəcəli xəsarətlərə və ya qalıcı zədələrə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, İstanbul Təcili Tibbi Xidmətlər İdarəsinin təlimçisi Özlem Koç bildirib ki, ilkin tibbi yardım — həkim və ya təcili yardım komandası gələnə qədər hadisə yerində edilən müdaxilələrdir. Düzgün tətbiq olunduqda həyat xilas edə bilər, səhv tətbiqlər isə vəziyyəti ağırlaşdıra bilər.
Koç deyib ki, "ilk yardımı hamımız bilməliyik. Bəzən düzgün müdaxilə bir insanın həyatını xilas edə bilir. Təcili yardımın gəlməsi adətən 5 dəqiqədən çox çəkir, bu müddətdə edilən düzgün addımlar həyati əhəmiyyət daşıyır".
Boğulma zamanı edilən səhv:
Boğulan insana mədəsinə basaraq su çıxarmağa çalışmaq yanlışdır. Əslində ağciyərlərə çox az su gedir. Doğru olan — ürək masajı və süni tənəffüs tətbiq etməkdir.
Yanıqlarda edilən səhv:
Yanıq yerinə diş məcunu sürmək və ya birbaşa buz qoymaq zərər verir. Sadəcə ilıq su ilə yumaq kifayətdir. Həmçinin, qızdırması olan uşağı üşüyür deyə örtmək və ya qalın geyindirmək səhvdir — bunun əvəzinə ilıq duş və ya nəm dəsmala bükmək lazımdır.
Tıxanma zamanı səhv müdaxilə:
Əgər insan öskürə bilirsə, bu qismən tıxanmadır və kürəyə vurmaq olmaz, çünki tam tıxanma yarada bilər. Amma nəfəs ala bilmirsə və göyəribsə, onda 5 dəfə kürəyə vurmaq, sonra isə Heimlich manevrini tətbiq etmək lazımdır.
İlan və həşərat sancmaları:
Filmlərdə göstərilən kimi yarayı kəsib əmərək zəhəri çıxarmaq tamamilə yanlışdır. Bu həm infeksiya, həm də əlavə zəhərlənmə riski yaradır. Düzgün olan — buz qoymaq, hərəkəti məhdudlaşdırmaq, 112-yə zəng etmək və qanayan yerə təmiz parça ilə təzyiq göstərməkdir. Kirlənmiş parçanı çıxarmaq olmaz — üzərinə yenisini qoymaq lazımdır.
Epilepsiya və bayılma halları:
Epilepsiya zamanı ağzını açmağa və qaşıq salmağa çalışmaq səhvdir. Sadəcə ətraf təhlükəsizliyi təmin olunmalı və başını zərbədən qorumaq lazımdır. Ürəyi gedən adama şillə vurmaq, su səpmək, süd içirmək, burun qanamasında başı arxaya əymək kimi hallar da yanlışdır.
Həmçinin, Koç bildirib ki, ilkin yardım təlimi 2 gün davam edir və 18 yaşdan yuxarı hər kəs bu təlimdə iştirak edib, sertifikat ala bilər.
Tərcümə: Nəzrin Abbas