Elektron siqaret çəkmək qan şəkərinin tənzimlənməsinə mənfi təsir göstərir və prediabet riskini artırır.
E-saglam.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Corciya Universitetinin alimləri gəlib. Araşdırmanın nəticələri AJPM Focus jurnalında dərc olunub.
Mütəxəssislər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) bazasında saxlanılan 1,2 milyon amerikalının sağlamlıq məlumatlarını təhlil ediblər.
-
Yalnız elektron siqaret istifadə edənlərdə prediabet riski 7% yüksək olub.
-
Sadəcə adi siqaret çəkənlərdə bu göstərici 15%-ə çatıb.
-
Həm elektron, həm də adi siqareti birlikdə istifadə edənlərdə isə risk 28% təşkil edib.
Bundan əlavə, “ikiqat siqaret çəkənlər”də diabet diaqnozu qoyulma ehtimalı siqaret çəkməyənlərlə müqayisədə 9% daha çox olub.
Prediabet nədir?
Prediabet – qanda qlükoza səviyyəsinin normadan yüksək, lakin şəkərli diabet diaqnozu qoyulacaq qədər kritik həddə olmamasıdır. Müalicə və həyat tərzi dəyişikliyi olmadıqda bu vəziyyət çox vaxt II tip diabetə keçir və ürək-damar xəstəliklərinin riskini artırır.
Kimlər daha çox risk altındadır?
Ən həssas qruplar:
-
artıq çəkisi olan şəxslər,
-
bəzi etnik qrupların nümayəndələri (xüsusilə afroamerikalılar və latınamerikalılar).
Alimlərin xəbərdarlığı:
Tədqiqatçılar bildirirlər ki, elektron siqaretlərin “daha təhlükəsiz alternativ” kimi təqdim edilməsinə baxmayaraq, veypinq maddələr mübadiləsinə gizli təsir göstərir və uzunmüddətli fəsadlara — ürək-damar, böyrək və hətta nevroloji xəstəliklərə yol aça bilər.
Tərcümə: Nəzrin Abbas