Alimlər müəyyən ediblər ki, insanların maddələr mübadiləsinin eyni qidalara reaksiyası bir-birindən kəskin fərqlənə bilər. Onların fikrincə, gələcəkdə hər bir insan üçün fərdi pəhriz tərtib etmək mümkün olacaq.
E-saglam.az xəbər verir ki, yeni araşdırma göstərib ki, universal şəkildə hamıya uyğun sağlam qidalanma mövcud deyil. Qidalanma fərdi yanaşma tələb edir. Təcrübədə 1102 sağlam könüllü iştirak edib. Onlara iki həftə ərzində eyni qida rasionu verilib və alimlər onların maddələr mübadiləsində baş verən dəyişiklikləri izləyiblər. Eyni zamanda yuxu rejimi, ac qalma hissi, fiziki aktivlik və bağırsaq mikrobiomu da qiymətləndirilib.
Tədqiqatçılar əsasən qan şəkəri, insulin və triqliserid səviyyələrini izləyiblər. Bu göstəricilərin yüksəlməsi piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artıra bilər. Məlum olub ki, eyni qidadan sonra sağlam insanların bu göstəriciləri bəzi hallarda 10 dəfəyə qədər fərqlənə bilər.
Maraqlısı budur ki, fərqlər hətta eyni yumurta əkizlərində də aşkar edilib. Bu isə qidalanmaya reaksiyanın genetik meyllərlə zəif bağlı olduğunu göstərib. Alimlər “genlərə uyğun pəhriz” yanaşmasının yanlış olduğunu vurğulayırlar.
Əkizlərin bağırsaq mikrobiomu da yalnız üçdə bir nisbətində üst-üstə düşüb. Bu isə mikrobiomun insanın qidaya reaksiyasında mühüm rol oynadığını ehtimal etməyə əsas verir. Gələcəkdə bağırsaq mikrobiomuna təsir göstərən müdaxilələrin artıq çəkidən azad olmağa və sağlamlığı möhkəmləndirməyə kömək edə biləcəyi gözlənilir.
Vaxt faktoru da önəmli olub: bəzi insanlarda eyni yemək səhər və günorta müxtəlif reaksiyalar doğurub, digərlərində isə fərq müşahidə edilməyib.
Alimlər vurğulayırlar ki, bu müxtəlifliyə baxmayaraq, hər bir iştirakçının gündəlik reaksiyası adətən müəyyən bir sabitlik göstərib və proqnozlaşdırıla bilib. Bu xüsusiyyət gələcəkdə insanın müxtəlif qidalara necə reaksiya verəcəyini öncədən təxmin etməyə imkan yarada bilər.
Əgər müəyyən qidalar orqanizm tərəfindən “qəbul edilmirdisə”, iştirakçıların qanında iltihab markerləri artırdı. Bu hal alimlər tərəfindən “diyetik iltihab” adlandırılıb.
İmperial Kollec Londonun epidemioloq-genetiki, araşdırmanın həmmüəllifi professor Tim Spektorun sözlərinə görə:
“Tapıntılarımız göstərir ki, artıq çəkiyə və sağlamlığa nəzarəti, orqanizmin zərərli iltihabi reaksiyalarının qarşısını almaq üçün fərdiləşdirilmiş qidalanma ilə yaxşılaşdırmaq mümkündür".
Tərcümə: Nəzrin Abbas
E-saglam.az