Alimlər sarsıntının reproduktiv sağlamlığa mümkün təsirini araşdırıblar.
E-saglam.az xəbər verir ki, tədqiqat “Journal of Head Trauma Rehabilitation” jurnalında dərc olunub.
Yüngül kəllə-beyin travmaları (beyin silkələnməsi) qadınların sağlamlığına uzunmüddətli təsir göstərə bilər. Onlar menstrual dövrün pozulması, seksual disfunksiyalarla əlaqələndirilir. Lakin beyin silkələnməsinin hamilə qalma ehtimalına necə təsir etdiyi indiyədək məlum deyildi. Bu mövzunu ABŞ-ın Roçester Universitetinin alimləri araşdırıblar.
Tədqiqata 18-45 yaş arası 102 beyin silkələnməsi keçirən qadın və travma səbəbindən yalnız ətraf nahiyələrində zədələnmə yaşamış 143 qadın cəlb olunub.
Nəticələr göstərib ki, beyin silkələnməsi keçirən qadınlar sonrakı iki il ərzində digər qadınlarla müqayisədə 76% daha az hallarda hamilə qalıblar. Alimlər hesablamalarında hamiləliyə mane ola biləcək ginekoloji xəstəlikləri, kontraseptiv dərman qəbulunu və digər faktorları da nəzərə alıblar.
Tədqiqat müəlliflərindən biri, epidemioloq Martina Anto-Oçar bildirib:
“Mən nəticələrə təəccüblənmədim. Çünki beyin silkələnməsinin menstruasiyaya təsir etdiyini və bəzi qadınlarda seksual problemlərə yol aça biləcəyini bilirik. Bu, təbii ki, hamiləlik tezliyinə də təsir göstərə bilər”.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, psixoloji amillər – məsələn, depressiya – də hamilə qalma ehtimalına təsir edə bilər.
Əvvəlki araşdırmalar isə göstərib ki, orta və ağır dərəcəli kəllə-beyin travması alan qadınlarda:
-
menstrual dövr pozğunluqları daha çox rast gəlinir;
-
adətən az sayda övlad olur;
-
bəzən hamilə qalmaqda çətinlik yaşanır;
-
hamiləlik dövründə daha çox fəsad yaranır;
-
ümumi sağlamlıq vəziyyəti aşağı qiymətləndirilir.
Alimlərin fikrincə, yeni nəticələr kəllə-beyin travmalarının qadınların reproduktiv sağlamlığına uzunmüddətli təsirlərini dərindən öyrənmək üçün başlanğıc nöqtəsi olmalıdır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az