Mingəçevirdə şagirdlərinin hepatitə yoluxduğu təhsil müəssisələri dezinfeksiya olunub - YENİLƏNİB
Mingəçevirdə şagirdlərinin hepatitə yoluxduğu təhsil müəssisələri dezinfeksiya olunub - YENİLƏNİB

Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, şəhər GEM-i tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, infeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.

Xatırladaq ki, Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət-təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir.

Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu açıqlanıb.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib.

Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib: "Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir".

Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, Hepatit A virusuna yoluxmuş şagirdin 1-i Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi M.Ə, 2-si Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi (M.İ - 10a, E.A - 9d), digər 3-ü isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində (Kəlbəcər 35 nömrəli məktəbin VII sinif şagirdi D.İ, Kəlbəcər 87 nömrəli məktəbin V sinif şagirdi R.M və C.İ) təhsil alan şagirdlərdir.

Qeyd edək ki, Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.


Emlakbazari.az emlak elanları saytı