Qıdıqlama zamanı dəridəki sinir ucları stimullaşır və beyin buna qeyri-iradi reaksiya verir. Bu zaman gülmək, əzələlərin yığılması və bədənin müxtəlif hissələrində hərəkətlər yarana bilər.
E-saglam.az xəbər verir ki, praktikant həkim Denis Prokofyevin sözlərinə görə, qıdıqlama zamanı sinir sisteminin güclü stimullaşdırılması bəzi insanlarda narahatlıq və psixomotor oyanıqlıq yarada bilər.
Mütəxəssis bildirir ki, xüsusilə uzun müddət davam edən və insanın özünü narahat hiss etməsinə səbəb olan qıdıqlama bəzi hallarda yuxuya getmə çətinliyi, tiklər və digər qeyri-iradi əzələ hərəkətləri ilə müşayiət oluna bilər. Həssas insanlarda isə güclü narahatlıq və panikaya bənzər reaksiyalar yarana bilər.
Həkim uşaqlara qarşı qıdıqlama zamanı xüsusilə diqqətli olmağı tövsiyə edir. Uşaqların reaksiyası fərqli ola bilər və onlar özlərini narahat hiss etdikdə oyunu dayandırmaq vacibdir.
Mütəxəssis qeyd edir ki, qıdıqlama əyləncə məqsədilə edilən adi toxunuş olsa da, bunu uzun müddət davam etdirmək və insanın istəyi xaricində qıdıqlamaq düzgün deyil. Xüsusilə uşaq narahatlıq göstərirsə, qıdıqlama dərhal dayandırılmalıdır.
Tərcümə: Könül Oruc