Gecə yuxusunun dəfələrlə bölünməsi və hər gün təxminən eyni saatda oyanmaq bəzi hallarda stress və narahatlıqla əlaqəli ola bilər.
E-saglam.az xəbər verir ki, Sankt-Peterburqdakı "EuroOnco" Klinikasının nevroloqu Yelena Jurakovskaya gecə oyanmalarının səbəbləri və bunun qarşısını almaq üçün nələrə diqqət etmək lazım olduğunu açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, yuxu gecə ərzində müxtəlif mərhələlərdən keçir və insan yüngül yuxu fazasında qısa müddətə oyanaraq bunu səhər xatırlamaya bilər. Buna görə gecə ərzində qısa oyanmalar hər zaman problem hesab edilmir. Əsas məsələ oyanmaların tez-tez təkrarlanması və insanın yenidən uzun müddət yata bilməməsidir.
Gecə oyanmalarına səs-küy, otaqdakı işıq, televizor və digər xarici amillər səbəb ola bilər. Bunun qarşısını almaq üçün yataq otağında sakit və qaranlıq mühit yaratmaq, yuxu rejiminə əməl etmək və gündüz uzun müddət yatmamaq tövsiyə olunur.
Bəzən insan gecə oyanmağa vərdiş edə bilər. Məsələn, uşağa qulluq etmək və ya gecə işləmək kimi səbəblər yuxu rejimini dəyişə bilər. Belə hallarda rejim normallaşdıqdan sonra yuxu da tədricən əvvəlki vəziyyətinə qayıda bilər. Gecə oyandıqda isə parlaq işıq yandırmaq, telefona baxmaq, yemək yemək və digər aktiv fəaliyyətlərdən uzaq durmaq məsləhətdir.
Nevroloq gecə oyanmalarının tualetə getmək ehtiyacı ilə də bağlı ola biləcəyini qeyd edir. Bu səbəbdən yatmazdan əvvəl həddindən artıq maye qəbul etməmək faydalı ola bilər. Bununla yanaşı, gecə oyanmaları davamlı xarakter alırsa və insan uzun müddət yenidən yuxuya gedə bilmirsə, səbəbi araşdırmaq vacibdir.
Mütəxəssisin sözlərinə görə, bəzi hallarda gecə oyanmaları yüksək narahatlıq və stresslə əlaqəli ola bilər. İnsan gecə oyandıqdan sonra gün ərzində yaşadığı problemləri düşünməyə başlayır və bu, yenidən yuxuya getməyi çətinləşdirir. Narahatlıq artdıqda oyanmalar hər gün təxminən eyni saatda baş verə bilər.
Belə şikayətlər uzun müddət davam edirsə, xüsusilə də gündüz yorğunluq, diqqət dağınıqlığı və ya davamlı narahatlıq yaranırsa, həkimə müraciət etmək tövsiyə olunur. Yuxu rejiminə riayət etmək, gün ərzində fiziki və zehni aktivliyi qorumaq və stressi azaltmaq yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.
Tərcümə: Könül Oruc