Endokrinoloq Zuxra Pavlova bildirib ki, gündəlik qidalanmada duzun normadan artıq istifadəsi yaddaşa mənfi təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu təsir xüsusilə kişilərdə daha qabarıq şəkildə özünü göstərir.
Həkim qeyd edib ki, aparılan araşdırmada 50 yaşdan yuxarı 1208 nəfər altı il ərzində izlənilib və natrium qəbulunun idrak funksiyalarına təsiri qiymətləndirilib. Nəticələr göstərib ki, duzu müntəzəm və yüksək miqdarda qəbul edən kişilərdə epizodik yaddaş daha sürətlə zəifləyir.
Araşdırmaya əsasən, gündə təxminən 3,3 qram və daha çox natrium qəbul edən kişilərdə yaddaş pozğunluğu riski daha yüksək olub. Bu miqdar təxminən 8 qram duza bərabərdir.
Mütəxəssis əlavə edib ki, yüksək duz qəbulu eyni zamanda arterial təzyiqin artması ilə də əlaqəlidir. Yüksək təzyiq isə beyin sağlamlığı üçün əsas risk faktorlarından biri hesab olunur.
Tərcümə: Könül Oruc