İtalyan epidemioloq Marialaura Bonaccio xərçəng müalicəsi alan insanlara qidalanma ilə bağlı vacib xəbərdarlıq edib.
E-saglam.az xəbər verir ki, onun "Mirror" jurnalında dərc olunan tədqiqatına görə, yüksək dərəcədə emal olunmuş qidalar müalicə prosesinə mənfi təsir göstərə və riskləri artırmağa səbəb ola bilər.
Araşdırma göstərib ki, dondurma, emal olunmuş ət məhsulları, kartof qızartması, hazır çörəklər, səhər yeməyi dənliləri, peçenye, hazır yeməklər və qazlı içkilər kimi məhsulları istehlak edən xəstələrdə müalicə dövründə ölüm riski təxminən 60 faiz daha yüksək olub.
Bonaccio bildirir ki, bu qidaların sənaye emalı zamanı istifadə olunan maddələr bədənin metabolik proseslərinə təsir edir, bağırsaq mikroflorasını pozur və iltihabı gücləndirir. Buna görə də, kalorisi oxşar olsa belə, yüksək emal olunmuş məhsullar minimal emal olunmuş “təbii” qidalara nisbətən daha zərərli ola bilər.
Mütəxəssis xərçəng müalicəsi zamanı belə qidalardan uzaq durmağı və daha çox evdə bişirilmiş, təzə, minimal emal olunmuş yeməklərə üstünlük verməyi tövsiyə edir. Onun sözlərinə görə, məhsulun həddindən artıq emal olunub-olunmadığını müəyyən etməyin yolu sadədir: etiketi oxumaq. Beşdən çox tərkib hissəsi və ya hər hansı bir qida əlavəsi olan məhsullar böyük ehtimalla yüksək emaldan keçib.
Tərcümə: Könül Oruc