Endokrinoloq Evgeniya Bayturova bildirib ki, təzə toxumlar vitamin və mikroelementlərlə zəngin olsa da, onları həddindən artıq qəbul etmək olmaz. Onun sözlərinə görə, toxumları yalnız bəzən, bir ovucdan çox olmamaq şərti ilə yemək tövsiyə olunur.
E-saglam.az-ın məlumatına görə, mütəxəssis qeyd edib ki, qovrulmuş tumlarda çox miqdarda bitki yağı və duz olur, istilik müalicəsi isə faydalı maddələrin miqdarını minimuma endirir. Bundan başqa, 100 qram tumda 600 kalori var ki, bu da artıq çəkiyə səbəb ola bilər. İnsanlar isə çox zaman nə qədər yediklərini fərq etmirlər.
Bayturova əlavə edib ki, məşhur istehsalçıların qovrulmuş tumlarında tez-tez kadmium aşkarlanır. Bu ağır metal bədəndə yığılaraq böyrək funksiyasını zəiflədə, sümüklərdən kalsiumu çıxara, osteoporoz riskini artıra və reproduktiv sağlamlığa zərər verə bilər.
Həmçinin, vaxtında dəyişdirilməyən yağda qızardılan tumlar kanserogenlərlə doyurulur ki, bu da gələcəkdə müxtəlif xəstəliklərə, o cümlədən onkoloji problemlərə yol aça bilər.
Mütəxəssis tövsiyə edir ki, əgər tumu dişləmə vərdişindən imtina etmək çətindirsə, ən azı onun qəbulunu məhdudlaşdırmaq lazımdır.
Tərcümə: Könül Oruc