Gündəlik həyat tərzi insan sağlamlığına birbaşa təsir göstərir və bir çox hallarda xroniki xəstəliklərin əsas səbəbinə çevrilir.
E-saglam.az xəbər verir ki, həkim Aleksandr Novikovun sözlərinə görə, yuxu rejimi, qidalanma, fiziki aktivlik və stress səviyyəsi bu baxımdan həlledici rol oynayır.
Mütəxəssis bildirir ki, gecə altı saatdan az yatmaq ürək-damar xəstəlikləri, piylənmə və diabet riskini artırır. Eyni zamanda, bu hal immun sistemini zəiflədir və orqanizmi xəstəliklərə daha həssas edir.
Qidalanma da əsas amillərdən biridir. Artıq şəkər, duz və trans yağların qəbulu maddələr mübadiləsini pozur, nəticədə ateroskleroz və insulin müqaviməti kimi problemlər yarana bilər.
Həkim oturaq həyat tərzinin də ciddi risk olduğunu vurğulayır. Onun sözlərinə görə, hərəkətsizlik ürək və damar sisteminə zərər verir, maddələr mübadiləsini zəiflədir və onurğa ilə oynaqlarda problemlərə səbəb olur.
Bundan əlavə, xroniki stress və zərərli vərdişlər, siqaret və alkoqol istifadəsi sağlamlığa mənfi təsiri daha da artırır. Mütəxəssis qeyd edir ki, ən böyük təhlükə bu amillərin bir yerdə təsir göstərməsidir.
Tərcümə: Könül Oruc