Bir çox insan görməni yaxşılaşdırmaq üçün xüsusi göz məşqlərinə ümid edir. Lakin mütəxəssislər bu yanaşmanın çox vaxt yanlış anlaşıldığını deyir.
E-saglam.az xəbər verir ki, oftalmoloq Yekaterina Kasatkina bildirir ki, gözün quruluşu bu cür “məşqlərlə güclənmə” ideyasını dəstəkləmir.
Həkimin sözlərinə görə, göz daxilindəki əzələlər hamar əzələ toxumasından ibarətdir və onları adi əzələlər kimi məşq etdirmək mümkün deyil. Bu səbəbdən “görməni məşqlə düzəltmək” anlayışı elmi baxımdan doğru hesab edilmir.
İnternetdə geniş yayılan Bates metodu da araşdırmalarla təsdiqini tapmayıb. Ümumilikdə, məşhur göz məşqlərinin effektivliyi sübut olunmayıb və yalnız qısamüddətli subyektiv rahatlıq yarada bilər.
Bununla belə, bəzi hallarda faydalı yanaşmalar mövcuddur. Məsələn, akkomodasiya problemi olan uşaqlarda xüsusi diqqət məşqləri müəyyən nəticə verə bilər. Bu üsullar gözün fokuslanma qabiliyyətini yaxşılaşdırmağa kömək edir.
Göz yorğunluğunu azaltmaq üçün isə sadə qaydalar daha effektlidir. Mütəxəssislər 20-20-20 qaydasını tövsiyə edir: hər 20 dəqiqədən bir 20 saniyə ərzində uzaqdakı bir nöqtəyə baxmaq gözləri rahatladır. Bundan əlavə, gündəlik açıq havada gəzinti də göz sağlamlığına müsbət təsir göstərir.
Tərcümə: Könül Oruc