Qastroenteroloq Vladimir Loginov bildirib ki, faydalı xüsusiyyətləri ilə tanınan gicitkən bəzi hallarda sağlamlıq üçün risk yarada bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu bitki tərkibində K vitamini, dəmir, silikon və xlorofil olduğu üçün hemostatik, ödqovucu və iltihab əleyhinə təsir göstərir, həmçinin hemoglobini artırmağa kömək edir.
Mütəxəssis qeyd edib ki, gicitkən qan şəkərinin azalmasına, bağırsaq fəaliyyətinin yaxşılaşmasına və saçların uzanmasına müsbət təsir göstərə bilər. Lakin bu faydalarla yanaşı, müəyyən risklər də mövcuddur.
Həkimin sözlərinə görə, gicitkən qan damarlarını daraldaraq arterial təzyiqi artıra bilər. Eyni zamanda qanı qatılaşdırıcı təsir göstərdiyi üçün tromboz, tromboflebit və ürək-damar xəstəlikləri olan şəxslər üçün təhlükəlidir.
Bundan əlavə, gicitkən bəzi insanlarda ürəkbulanma və mədə ağrılarına səbəb ola bilər. Hamiləlik dövründə isə uşaqlığın tonusunu artıraraq düşük riskini yüksəldə bilər. Bitkinin tərkibindəki maddələr allergik reaksiyalara da səbəb ola bilər.
Mütəxəssis vurğulayıb ki, hipertoniya, trombofiliya, varikoz damarlar, infarktdan sonrakı dövr, hamiləlik və ağır böyrək xəstəlikləri olan şəxslər gicitkəndən istifadə etməməlidir.
Tərcümə: Könül Oruc