Kəsmik pendiri faydalı xüsusiyyətləri və yüksək zülal tərkibi ilə tanınsa da, bəzi hallarda sağlamlıq üçün risk yarada bilər.
E-saglam.az xəbər verir ki, diyetoloq Rob Hobson bu məhsulun əsas mənfi tərəflərindən birinin yüksək duz tərkibi olduğunu bildirib.
Bu barədə “The Independent” qəzeti yazıb.
Mütəxəssisin sözlərinə görə, kəsmikdə natrium miqdarı bəzən qatıqdan daha çox olur. Bunun səbəbi məhsulun hazırlanma prosesində duzdan istifadə olunmasıdır.
Hobson qeyd edib ki, bir standart porsiya kəsmik təxminən 300–400 milliqram natrium ehtiva edə bilər. Bu miqdar sağlam insanlar üçün adətən təhlükəli sayılmır.
Lakin yüksək qan təzyiqi olan və duz qəbulunu məhdudlaşdırmalı olan insanlar üçün bu göstərici problem yarada bilər. Çünki artıq natrium qan təzyiqinin yüksəlməsinə təsir göstərə bilər.
Diyetoloq vurğulayıb ki, hipertoniyası olan şəxslər kəsmikdən tam imtina etməli deyil. Sadəcə olaraq pəhrizlərini planlaşdırarkən məhsulun natrium tərkibini nəzərə almaları tövsiyə olunur.
Tərcümə: Könül Oruc