Bir çox insan qocalmanı qırışların yaranması və saçların ağarması ilə əlaqələndirir. Lakin mütəxəssislər bildirirlər ki, qocalma prosesi daha erkən – təxminən 25 yaşdan başlayır.
E-saglam.az xəbər verir ki, bunu qidalanma mütəxəssisi Yuliya Popova danışıb.
Onun sözlərinə görə, vaxtından əvvəl qocalmanın əsas səbəblərindən biri inkişaf etmiş qlikasiya son məhsullarıdır (AGEs). Bu proses zamanı qlükoza molekulları zülal liflərinə zərər verir və kollagenin “şəkərlənməsi” baş verir. Nəticədə dəri elastikliyini itirir, solğun və sərt görünə bilər.
Mütəxəssis qeyd edib ki, bu prosesə yalnız genetika deyil, həm də həyat tərzi təsir göstərir. Şirniyyat və qızardılmış qidaların həddindən artıq qəbulu, ultrabənövşəyi şüalara çox məruz qalma və fiziki hərəkətsizlik qocalmanı sürətləndirə bilər.
Popovanın sözlərinə görə, düzgün qidalanma bioloji qocalmanı müəyyən qədər yavaşlada bilər. O, qidalanmada yağlı balıq, giləmeyvə, yaşıl çay, tərəvəzlər, liflə zəngin qidalar və zerdeçal, çəmənot kimi ədviyyələrin yer almasını tövsiyə edir.
Bundan əlavə, mütəxəssis uzunömürlülük üçün fiziki aktivliyin də vacib olduğunu bildirib. Onun sözlərinə görə, həftədə ən azı 150 dəqiqə orta səviyyəli fiziki fəaliyyət, düzgün yuxu rejimi və dərinin günəş şüalarından qorunması sağlam qocalmaya kömək edə bilər.
Tərcümə: Könül Oruc