Dublin Universitet Kollecinin dermatologiya professoru Desmond Tobin ağ saçları kökündən qoparmağın xoşagəlməz nəticələrə səbəb ola biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, onun sözlərini “The Guardian” qəzeti sitat gətirib.
Mütəxəssis qeyd edib ki, boz saçlarla bağlı ən geniş yayılmış miflərdən biri qoparılan bir ağ saçın yerinə iki ağ saçın çıxmasıdır. Həkimə görə, bu fikir doğru deyil.
Dermatoloq izah edib ki, hər bir saç follikulu yalnız bir tük istehsal edir. Saçı qoparmaq yeni saçların sayını artırmır, lakin follikula zərər verə bilər.
Onun sözlərinə görə, saç qoparılarkən dəridə kiçik qan damcısı görünürsə, bu, follikulun zədələndiyini göstərə bilər. Belə hallarda follikul bərpa olunmaya və həmin yerdə saç bir daha çıxmaya bilər.
Tobin əlavə edib ki, saçların ağarma yaşı əsasən genetika ilə bağlıdır. Bununla yanaşı, xroniki stress, yuxusuzluq və qidalanma çatışmazlığı da saçların daha tez ağarmasına səbəb ola bilər.
Tərcümə: Könül Oruc