Tibbi xəbərlər
Damarlarınızı, böyrəklərinizi və gözlərinizi qorumaq üçün
Tibbi xəbərlər
199

Damarlarınızı, böyrəklərinizi və gözlərinizi qorumaq üçün ilk addım

50 yaşdan yuxarı hər 7 nəfərdən 1-i diabet xəstəsidir, hər 3 nəfərdən 1-i isə diabetin astanasındadır.

E-saglam.az xəbər verir ki, xəstəliyin erkən mərhələdə aşkarlanması sadədir və idarəolunandır. Lakin gecikmiş diaqnoz damarlar, böyrəklər və gözlərdə geri dönməz zədələnmələrə səbəb ola bilər. Gizli diabet illərlə heç bir simptom göstərmədən irəliləyir. Müntəzəm testlər və kiçik həyat tərzi dəyişiklikləri isə onun ən dağıdıcı təsirlərinin qarşısını alır.

Diabet – səssiz epidemiya

Dünyada 500 milyondan çox insan diabetlə yaşayır. 2030-cu ildə bu sayın 700 milyona çatacağı proqnozlaşdırılır. Türkiyədə isə hər 7 böyüklərdən birində artıq diabet diaqnozu qoyulub, lakin diaqnoz qoyulmamış gizli diabet halları daha da çoxdur.

Prediabet – təhlükəni vaxtında tanıyın

Diabet birdən başlamır. O, illərlə “prediabet” mərhələsində irəliləyir. Bu dövrdə qan şəkəri normadan bir qədər yüksəkdir, amma hələ diabet həddində deyil. Əgər erkən aşkar olunarsa, sadə tədbirlərlə xəstəliyin qarşısını almaq və ya illərlə gecikdirmək mümkündür. Təəssüf ki, müntəzəm müayinə olmadan bu mərhələ çox vaxt diqqətdən yayınır.

Həyat tərzinin gücü

Araşdırmalar göstərir ki, sağlam qidalanma və müntəzəm fiziki aktivlik diabet riskini 50 faiz azalda bilər. Gündə 30 dəqiqəlik gəzinti, liflə zəngin qidalar, işlənmiş və şəkərli məhsullardan uzaq durmaq, nizamlı yuxu bu mübarizədə ən təsirli vasitələrdir.

Unutmayın: Yoxlama sadədir

50 yaşdan yuxarı hər kəs ildə ən azı bir dəfə aclıq qan şəkəri və HbA1c testi verməlidir. Bu, riskləri erkən görməyin ən asan yoludur. Diabeti idarə etmək, onun ağır nəticələrini müalicə etməkdən qat-qat asandır.

Diabetin zərərləri

  • Ürək və damarlar: Diabet infarkt və insult riskini ikiqat artırır.

  • Böyrəklər: Uzunmüddətli nəzarətsizlik böyrək çatışmazlığına gətirib çıxara bilər.

  • Gözlər: Diabetik retinopatiya görmə itkisinə səbəb olur.

  • Sinir sistemi: Əllərdə-ayaqlarda uyuşma, karıncalanma və həssaslıq itkisi ilə başlayır, sonradan hərəkət çətinliyinə qədər irəliləyə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun