Diyetoloqlar Samantha Peterson və Emy Davis qəhvə ilə çayın orqanizmə təsirini müqayisə edərək uzun illərin sualına cavab veriblər.
E-saglam.az xəbər verir ki, araşdırmalar göstərib ki, hər iki içki diqqəti artırsa da, bədəndə yaratdığı təsirlər fərqlidir. Bir fincan qəhvədə təxminən 96 mq kofein olduğu halda, qara çayda bu rəqəm 48 mq, yaşıl çayda isə 29 mq-a düşür.
QƏHVƏ: ŞƏKƏRƏ QALXAN, BEYNƏ DƏSTƏK, QARACİYƏRƏ QORUYUCU
Qəhvə tərkibindəki yüksək polifenollar sayəsində koqnitiv funksiyaları yaxşılaşdırır və 2-ci tip diabet riskini azaldır. Qaraciyəri qoruyan təsiri ilə tanınan qəhvə iltihab əleyhinə xüsusiyyətləri sayəsində qocalma prosesini ləngidir. Mütəxəssislər xəbərdar edir ki, qəhvəni yorğunluğu gizlətmək üçün həddindən artıq içmək əsəbilik, ürək yanması və ürək yükünün artmasına səbəb ola bilər.
ÜRƏK SAĞLAMLIĞINDA LİDER: ÇAY
Ürək-damar sağlamlığı baxımından çay daha üstün hesab olunur. Çaydakı katexinlər və flavonoidlər qocalmanı gecikdirir, tərkibindəki amin turşuları isə kofeinin sərt təsirini yumşaldır. Bu da qəhvənin verdiyi sürətli yüksəliş–ani eniş əvəzinə daha yumşaq və stabil enerji təmin edir. Yeganə mənfi cəhəti: çaydakı taninlər dəmirin sorulmasını azalda bilər.
ÇƏKİYƏ TƏSİR: HANSI DAHA EFFEKTİVDİR?
Kalorisiz qəbul edildikdə hər iki içki arıqlamada köməkçi rol oynayır. Qəhvə iştahı müvəqqəti azaldır, çay isə maddələr mübadiləsini sürətləndirir. Ancaq diyetoloqlar vurğulayır ki, şəkər, qaymaq və şirin ətirlər əlavə edildiyi anda bu faydalar sıfırlanır. Güclü enerji istəyənlərə qəhvə, kofeinə həssas və ürək sağlamlığını qorumaq istəyənlərə isə çay tövsiyə olunur.
Tərcümə: Könül Oruc