İngiltərədə boğaz ağrısı ilə xəstəxanaya müraciət edən və tonzillit diaqnozu qoyulan gənc bir gün sonra dünyasını dəyişib.
E-saglam.az-ın məlumatına görə, Linkolnşir əyalətində yaşayan 29 yaşlı Maykl Reynolds boğaz ağrısı ilə xəstəxanaya müraciət edib və həkimlər ona tonzillit diaqnozu qoyublar. Gəncə antibiotik təyin edilib, lakin müalicənin ertəsi günü faciə baş verib.
Məlumatlara görə, Reynolds müayinə zamanı yeyib-içə bilmədiyini, boğazında sıxılma hissi olduğunu və hətta tüpürcəyini uda bilmədiyini söyləyib. Buna baxmayaraq, ona yalnız oral antibiotiklər yazılıb.
Dərman qəbulundan sonra evə göndərilən gəncin vəziyyəti qəfil pisləşib və o, huşunu itirib. Xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Yarılma nəticəsində müəyyən olunub ki, Reynolds nəfəs borusunu bağlayan şiş səbəbindən oksigensiz qalıb və infarkt keçirib. Ölüm səbəbi "yuxarı tənəffüs yollarının tıxanması və epiqlottit səbəbilə hipoksik ürək dayanması" kimi qeyd olunub.
Hadisə ilə bağlı aparılan məhkəmə işində 2023-cü ildə həkimlərin səhlənkarlığa yol verdiyi açıqlanıb. Onların epiqlottitin əlamətlərini vaxtında tanıya bilmədiyi bildirilib.
Tərcümə: Könül Oruc