Somnoloq beyni qısa müddətdə necə “yenidən başlatmağın” mümkün olduğunu izah edib.
E-saglam.az xəbər verir ki, yuxu təbabəti üzrə həkim Alena Qavrilovanın sözlərinə görə, cəmi beş dəqiqəlik mürgüləmə belə yorğunluğu azaldaraq beynin fəaliyyətini bərpa etməyə kömək edə bilər.
A.Qavrilova bildirib ki, yuxu hər insan üçün fərdi məsələdir və mövcud imkanlardan maksimum istifadə etmək lazımdır. Onun sözlərinə görə, ideal şəraitdə insan qaranlıq və sakit otaqda, rahat yastıqla istirahət etməlidir. Lakin gündəlik iş rejimində bu imkan hər zaman olmur.
Mütəxəssis qeyd edir ki, uzanmaq mümkün olmasa belə, kresloda qısa müddətli mürgüləmə də faydalı ola bilər. Hətta beş dəqiqəlik yuxu belə orqanizmin bərpasına kömək edir və diqqəti yenidən toplamağa imkan yaradır.
Qavrilova əlavə edib ki, işə gedərkən və ya qayıdarkən qısa müddətli mürgüləmə də yaxşı seçimdir. Bu, gündəlik yol vaxtını kiçik bir bərpa fasiləsinə çevirməyə kömək edə bilər.
Həkim əlverişsiz şəraitdə belə rahat yuxuya getmək üçün iki sadə vasitə tövsiyə edir: qulaq tıxacları və yuxu maskası. Onun sözlərinə görə, bu vasitələr səs və işığı minimuma endirərək qısa istirahətin daha effektiv olmasına kömək edir.
Tərcümə: Könül Oruc