Bioloq Laura Lopes Maskarakə bildirib ki, hər bir insanın bədən qoxusu fərdidir və bu qoxu bir çox amilin təsiri ilə formalaşır.
E-saglam.az xəbər verir ki, o, müsahibədə qeyd edib ki, bədən qoxusu vəzilər, bakteriyalar, genetik xüsusiyyətlər, emosional vəziyyət və ətraf mühitin birgə təsirinin nəticəsidir. Bu qoxu yaşa, iqlimə, qidalanmaya və hətta günün saatına görə dəyişə bilər.
Mütəxəssisin sözlərinə görə, bəzi qidalar bədən qoxusunu daha kəskin edir. Xüsusilə soğan, sarımsaq və köri kimi məhsullar tərin qoxusunu gücləndirə bilər. Əksinə, meyvə və tərəvəzlər daha yüngül və xoş qoxunun formalaşmasına kömək edir.
Maskaraque həmçinin emosional vəziyyətin də mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, narahatlıq zamanı bədən qoxusu daha turş, qorxu zamanı isə daha kəskin və xoşagəlməz ola bilər.
Bundan əlavə, bəzi xroniki xəstəliklər də bədən qoxusuna təsir göstərir. Məsələn, diabet zamanı bədəndən yetişmiş meyvəni xatırladan şirin qoxu hiss oluna bilər. Bu səbəbdən, qoxudakı dəyişikliklər bəzən sağlamlıqla bağlı siqnal kimi də qiymətləndirilə bilər.
Tərcümə: Könül Oruc