Bağırsaq sağlamlığı üçün faydalı hesab edilən fermentləşdirilmiş qidalar bəzi hallarda ürək üçün risk yarada bilər.
E-saglam.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Treysi Parker bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, kimçi, kombuça və turş kələm kimi qidalar probiotik tərkibinə görə bağırsaq mikrobiomunu dəstəkləyir. Lakin bu məhsulların tərkibində olan əlavə duz və şəkər ürək-damar sisteminə mənfi təsir göstərə bilər.
Mütəxəssis qeyd edir ki, xüsusilə yüksək duz tərkibi qan təzyiqinin artmasına səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə ürək sağlamlığı üçün risk faktorlarından biri hesab olunur.
Ekspert istehlakçılara bu qidaları tamamilə rasiondan çıxarmağı deyil, ölçülü şəkildə qəbul etməyi tövsiyə edir. Eyni zamanda məhsul etiketlərini oxumaq, duz və şəkər miqdarına diqqət yetirmək vacib sayılır.
Mütəxəssislər vurğulayır ki, balanslı qidalanma yanaşması həm bağırsaq, həm də ürək sağlamlığını qorumaq üçün əsas şərtdir.
Tərcümə: Könül Oruc