Tibbi xəbərlər
Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar -
Tibbi xəbərlər
163

Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar - mütəxəssislər açıqladı

Bütün gün ayaq üstə durmaq, isti hava, uzun gəzintilər və oturaq həyat tərzi ayaqlarda şişkinliyə səbəb ola bilər. Mütəxəssislərə görə, xüsusilə yay aylarında daha çox rast gəlinən bu vəziyyət günün sonunda ciddi narahatlıq yaradır. Lakin bir neçə sadə üsul şişkinliyi əhəmiyyətli dərəcədə azalda bilər

E-saglam.az xəbər verir ki, mütəxəssislərin ən çox tövsiyə etdiyi üsullardan biri Epsom duzu əlavə edilmiş ilıq suda ayaq vannasidir. Maqnezium sulfat ehtiva edən bu duz ayaqların rahatlamasına və gün ərzində yaranan yorğunluğun azalmasına kömək edir. Ayaqları bu suda 15-20 dəqiqə saxlamaq tövsiyə olunur.

Digər effektiv üsul ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaqdır. Gündüz və ya axşam 15-20 dəqiqə ərzində ayaqların qaldırılması qan dövranını dəstəkləyir və yığılan mayenin yayılmasına kömək edir.

Ayaqların alt hissəsinin və topuqların ətrafının yumşaq masajı da rahatlama təmin edir. Masajla yanaşı, bir neçə dəqiqəlik soyuq kompres tətbiqi şişkinlik hissini azaldır - bu üsul xüsusilə isti havada daha təsirli olur.

Mütəxəssislər gün ərzində kifayət qədər su içməyin vacibliyini də xüsusi vurğulayır. Çoxları su içməyin şişkinliyi artıracağını düşünsə də, əksinə, müntəzəm su istehlakı bədənin maye saxlamasının qarşısını alır. Dar ayaqqabılar əvəzinə rahat ayaqqabı seçmək də şişkinliyi azaldan sadə, lakin təsirli tədbirlərdəndir.

Ayaq şişkinliyi çox vaxt gündəlik həyat vərdişlərindən qaynaqlansa da, bəzən ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Şişkinlik uzun müddət davam edərsə, yalnız bir ayaqda müşahidə edilərsə və ya şiddətli ağrı, qızartı və ya nəfəs darlığı ilə müşayiət olunursa, mütəxəssisə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun