E-saglam.az-ın məlumatına görə, tədqiqat çərçivəsində aparılan sınaqlarda bu müalicə üsulu siçanlarda şişlərin tam məhv olmasına səbəb olub və mədəaltı vəzi xərçəngi üçün yeni klinik sınaqlara yol açıb.
İspaniyanın Milli Xərçəng Araşdırma Mərkəzinin (CNIO) tədqiqatçıları bildiriblər ki, pankreas xərçəngi adətən müalicəyə tez müqavimət göstərir və sağ qalma nisbəti çox aşağı olur. Buna görə də effektiv kombinə edilmiş terapiyaların tapılması xüsusi əhəmiyyət daşıyır.
PNAS elmi jurnalında dərc olunan araşdırmada göstərilib ki, KRAS onkogeninin molekulyar yollarında üç əsas nöqtənin eyni vaxtda hədəflənməsi şişin uzunmüddətli geriləməsini təmin edib. Bu yanaşma tək bir nöqtəni bloklayan müalicələrdə yaranan dərman müqavimətinin qarşısını almağa kömək edib.
CNIO komandası ağciyər xərçəngi üçün artıq sınaqdan keçirilmiş eksperimental KRAS inhibitorunu xüsusi zülal pozucusu ilə birləşdirib. Üç fərqli heyvan modelində aparılan sınaqlarda şişlərin ciddi yan təsirlər olmadan yox olduğu müşahidə edilib.
Tədqiqat müəllifləri hələlik bu üçlü terapiya ilə bağlı klinik sınaqların başlanmadığını qeyd ediblər. Onların sözlərinə görə, insanlarda tətbiq üçün düzgün doza və kombinasiyanın seçilməsi mürəkkəb prosesdir, lakin əldə edilən nəticələr gələcək klinik araşdırmalar üçün güclü əsas yaradır.
Qeyd edək ki, İspaniyada hər il 10 mindən çox mədəaltı vəzi xərçəngi halı qeydə alınır və bu xəstəlikdə beş illik sağ qalma göstəricisi 10 faizdən aşağıdır. Bu səbəbdən yeni və təsirli müalicə üsullarının tapılması tibb üçün böyük əhəmiyyət daşıyır.
Tərcümə: Könül Oruc
E-saglam.az