Çində aparılan yeni elmi araşdırma sağlam həyat üçün ideal yuxu müddəti ilə bağlı maraqlı nəticələr ortaya qoyub.
E-saglam.az xəbər verir ki, araşdırmaya görə, gecə təxminən 7 saat 18 dəqiqə yatmaq bir sıra sağlamlıq risklərini azaltmağa kömək edə bilər.
Tədqiqatın nəticələri "BMJ Open Diabetes Research & Care" jurnalında dərc olunub. Araşdırma 2009–2023-cü illər arasında 20–80 yaş arası 23 475 yetkinin məlumatlarının təhlili əsasında aparılıb.
Alimlərin sözlərinə görə, həm az, həm də həddindən artıq yuxu bədənin qan şəkəri balansına mənfi təsir göstərə bilər. Aparılan təhlillər nəticəsində gecə təxminən 7 saat 18 dəqiqə yuxu sağlamlıq baxımından ən optimal müddət kimi müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, bu yuxu müddəti xüsusilə insulin müqaviməti riskinin azalmasına kömək edir. Bu isə öz növbəsində 2-ci tip diabet və yüksək qan təzyiqi kimi xəstəliklərin yaranma ehtimalını azalda bilər.
Araşdırma həmçinin göstərib ki, gecə 7–8 saat keyfiyyətli yuxu qan təzyiqini təxminən 10–20 faiz azaltmağa kömək edə bilər və bədənin insulinə həssaslığını qorumaqda mühüm rol oynayır.
Digər tərəfdən, gecə 6 saatdan az yuxu stress hormonlarının artmasına səbəb ola bilər. Bu isə qan təzyiqi və qan şəkərinin yüksəlməsi ilə nəticələnə bilər.
Mütəxəssislər sağlamlığın qorunması üçün müntəzəm və kifayət qədər yuxunun həyat tərzinin vacib hissəsi olduğunu vurğulayırlar.
Tərcümə: Könül Oruc