Ağciyər xərçəngi çox zaman davamlı öskürək, bəlğəmdə qan və ya sürətli çəki itkisi kimi açıq simptomlarla tanınsa da, xəstəliyin ilk mərhələləri çox vaxt səssiz keçir. Bir çox erkən əlamət fərq edilmədiyindən, diaqnoz qoyulduqda xəstəlik artıq irəliləmiş mərhələdə olur.
E-saglam.az xəbər verir ki, mütəxəssislər ağciyər xərçənginin nəzərə alınmayan 5 erkən simptomunu belə izah edir:
1. Çiyin ağrıları
Adətən əzələ gərginliyi və ya duruş pozğunluğu ilə əlaqələndirilən çiyin ağrısı, əslində ağciyərin yuxarı hissəsində yerləşən Pancoast şişinin göstəricisi ola bilər. Bu ağrı qoldan boyuna yayıla bilər və adi müalicə üsullarına cavab vermir.
2. Səsin dəyişməsi
Səsdə xırıltı və ya boğuqluq infeksiya və ya səsin həddindən artıq istifadəsi ilə əlaqələndirilə bilər. Lakin uzun müddət keçməyən və tədricən pisləşən səs dəyişiklikləri, xüsusilə səs tellərinə təsir edən sinirlərə təzyiq olduqda, xərçəngin erkən əlaməti ola bilər.
3. Göz qapağının düşməsi
Eyni üzdə göz qapağının düşməsi (ptozis), göz bəbəyinin kiçilməsi və tərləmənin azalması Horner sindromuna işarə ola bilər. Bu sindrom bəzən ağciyərin yuxarı hissəsində yerləşən şişin sinirlərə təzyiqi nəticəsində yaranır və əlamətlər ağrısız olduğu üçün çox zaman diqqətdən kənarda qalır.
4. Barmaqların formasında dəyişiklik
"Barmaq davul çubuğu" effekti adlanan bu dəyişiklik – barmaq uclarının şişməsi və dırnaqların qabarıqlaşması – bədənin oksigen çatışmazlığına reaksiyasıdır. Ağciyər xərçənginin ilkin xəbərçisi ola bilər, lakin yavaş və ağrısız inkişaf etdiyi üçün çoxları bu əlaməti fərq etmir.
5. Davamlı yorğunluq
Stress, yuxusuzluq və ya gündəlik həyat temposu ilə əlaqələndirilən yorğunluq bəzən orqanizmin xərçəngə verdiyi cavab ola bilər. Bu tip yorğunluq dincəliklə keçməz və zamanla daha da artar.
Yuxarıda sadalanan əlamətlər hər zaman ağciyər xərçəngi demək deyil. Lakin uzun müddət keçməyən, səbəbi bilinməyən və gündəlik həyatı təsirləndirən simptomlar varsa, mütləq həkimə müraciət olunmalıdır.
Qeyd: Bu yazı yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət xarakteri daşımır. Sağlamlığınızla bağlı hər hansı narahatlığınız varsa, peşəkar tibbi yardıma müraciət edin.
Tərcümə: Könül Oruc