Yuxu iflici, adətən yuxuya getməzdən əvvəl və ya oyandıqdan dərhal sonra baş verir. Bu zaman insan tam ayıq olur, amma bədənini hərəkət etdirə bilmir, gözlərini belə aça bilmir – yalnız göz bəbəkləri hərəkət edir.
E-saglam.az xəbər verir ki, Klivlend Klinikasının yuxu pozuntuları üzrə mütəxəssisi Alicia Roth bildirib ki, bu hal qorxulu görünə bilər, amma təhlükəli deyil.
Bu vəziyyət, beynin yuxunun bir mərhələsindən digərinə keçərkən bədəni "oyatmaması" səbəbilə yaranır. Hadisə zamanı insan real kimi görünən qorxulu görüntülər görə bilər. Mütəxəssis bu görüntüləri yuxu və oyaqlıq arasında olan qarışıq hal adlandırır. Hallusinasiyalar təkcə vizual deyil, həmçinin toxunma, səs, qoxu və ya hərəkət hissləri ilə də müşayiət oluna bilər.
Ən vacib məqam – qorxmamaqdır. Həkim bildirir ki, belə vəziyyət zamanı gördüklərinizin bir yuxu olduğunu başa düşmək və sakit qalmaq önəmlidir. Ən uzun sürən halüsinasiya bir dəqiqədən az çəkir.
Yuxu iflicindən tez çıxmaq üçün beyni sadə məşğuliyyətlə yayındırmaq tövsiyə olunur. Məsələn, saymaq və ya özünüzə əlifbanı tələffüz etmək (ana dilində və ya başqa dildə) vəziyyətdən çıxmağı sürətləndirə bilər.
Dr. Roth-un sözlərinə görə, yuxu iflici tez-tez təkrarlanmırsa, bu ciddi narahatlıq doğurmur və həkimə müraciət etməyə ehtiyac yoxdur. Amma hal mütəmadi baş verirsə, yuxu rejiminə və həyat tərzinə diqqət yetirmək faydalı olar.
Tərcümə: Könül Oruc